25 fevral 2023 10:54
1545

Kamran Bayramov:  31 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımı heç vaxt unutmaq olmaz 

«Xocalıda məsum, günahsız insanlarımız XX əsrin ən dəhşətli faciəsini, soyqrımını yaşadılar. Əslində, Xocalı faciəsinə gedən yol XX əsrdən başlasa da, ancaq faciənin kökləri daha əvvələ gedir. I Rus – İran müharibəsi, II Rus –İran müharibəsi və bu müharibələrin nəticəsi olaraq ermənilərin İrəvana, Yelizavetpol quberniyasına, o cümlədən Dağlıq Qarabağa köçürülməsindən sonra, ən gözəl, münbit torpaqlarda onların yerləşdirildiyi vaxtdan millətimizin faciəsi başlamışdır. Bu da bir alın yazısıdır ki, Azərbaycan xalqının taleyinə cörəyinı yeyən, suyunu içən nankor ermənilərlə qonşu yaşamaq qismət olmuşdur.  Ermənistanın ərazi iddiaları və onunla birlikdə cərəyan edən separatizm, işğalçılıq və soyqırım siyasətinə çevrilərək SSRİ-nin dağılması və müstəqilliyin elan edilməsi dövründə Azərbaycanı ağır sınaqlarla üzləşdirdi.
Təəssüflər olsun ki, Xocalı soyqırımı ərəfəsində Azərbaycanda dövlətçilik, idarəçilik yox səviyyəsinə enmişdi. Ölkədə anarxiya, özbaşınalıq baş alıb gedirdi. Orduda vahid komandanlıq yox idi. Bütün bunlar düşmənə fürsət verdi. Onlar uzun illərdən bəri gözlədiklərinə nail ola bildilər.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə  açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutması Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri idi. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günə qədər də naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanların 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdü. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. Prezident İlham Əliyev demişdir: «Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi».  Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. 
Deputat diqqətə çatdırıb ki, Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. BMT-nin «Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyasına görə, soyqırımını törədənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar.  «Xocalıya ədalət» beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. Bu gün dünyada 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını «müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər» kimi müəyyən etmişdir.
K.Bayramov əlavə edib ki, müharibə başa çatsa da 31 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımı heç vaxt unutmaq olmaz. Dövlət başçımız bildirib: «Biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq».