«Heydər Əliyev İli»ndə keçmiş köçkünlərin doğma torpaqlarına qovuşacaqlarına artan inam Böyük Qayıdışın xoş müjdələridir
«Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir» sözlərinin əminliyini «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiq edilməsi haqqında Sərəncamı imzalamaqla bildirən Prezident İlham Əliyev qüdrətli dövlət, yüksək rifah naminə həlli vacib vəzifələri daim diqqətdə saxlayır. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin intensivləşməsi, erməni vandallarının dağıtdıqları infrastrukturun bərpası və yenilənməsi, iri şəhərlərin Baş planlarının hazırlanması Böyük Qayıdışın xoş müjdələridir.
Ötən il «ruhlar şəhəri» adlandırılan Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunda görüləcək işlərin parametrləri ilə bağlı ətraflı məlumat verən Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məqsəd Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların yurdlarına qayıtması, yaxşı şəraitin yaradılmasıdır. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın bayrağını qaldırmaqla bərpa-quruculuq işlərindən bəhs edən Prezident, Ali Baş Komandan İlham Əliyev ilk günlərdən bütün qüvvələri bu istiqamətə səfərbər etdi. Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq Zəngilanda Ağalı kəndlərinin «ağıllı kənd» layihəsi əsasında qurulması, vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy- köklərinə və doğma torpaqlarına bağlıdır. Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməlqoyma mərasimlərinin keçirilməsi, irimiqyaslı infrastruktur layihələrinin icrası, enerji ilə təchizata diqqətin artırılması mərhələli, plan üzrə davam etdirilir. Səkkiz ayda inşa olunan Füzuli, ondan sonra istifadəyə verilən Zəngilan Beynəlxalq Hava limanlarının inşası Qarabağın və Şərqi Zəncəzurun dünyaya açılan hava qapısı olmaqla turizmin inkişafına önəmli töhfələr idi. 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının inşası ilə bu imkanlar daha da genişlənəcək. Hazırda yol, nəqliyyat və energetika sahəsində ciddi layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunelin, uzunluğu 12 kilometr olan 84 yeni körpünün salınması bölgənin iqtisadi inkişafı üçün mühüm amildir. İşğaldan azad olunmuş ərazilərdə elektrik təsərrüfatının bərpası, Cəbrayılda 230 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə enerjiyə daxili tələbat ödənilməklə ixrac potensialı da yaranacaq.
Son zamanlarda ölkəmizdə və respulikamızdan kənarda Azərbaycanın karbohidrogen ehtiyatlarından istifadə, dünyanın enerji xəritəsini dəyişəcək layihələrlə bağlı danşıqların intensivləşməsi, Yunanıstan-Bolqarıstan İnterkorrekonnektorunun açılması, 2027-ci ilə qədər təchizatın iki dəfə artırılması üçün Avropada daha çox interkonnektorun istifadəyə verilməsi ilə bağlı təkliflərin dəstəklənməsi, əməkdaşlıq formatının genişlənməsi beynəlxalq aləmdə ölkəmizin önəmini daha da artırır. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulduğu kimi, Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə imzalanan müqavilə, texniki-iqtisadi əsaslandırma işlərinə başlanılması, «Masdar»la razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artırılması, bərpa olunan enerji ilə bağlı proqnozların səslənməsi Böyük Qayıdış prqramına uyğun davam etdirilən strategiyanın tərkib hissələrindəndir. «Ümumiyyətlə, biz işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjinin potensialını qiymətləndirmişik və ilkin təhlillərə görə, bu, demək olar ki, on min meqavat təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyasının açılışını etmişik və su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımızın milli ideyası olan Qarabağın və Zəngəzurun yenidən qurulması naminə genişmiqyaslı quruculuq işləri davam etdirilir. Laçın yolunun marşrutunun dəyişdirilməsi, Qarabağda və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi belə əminlik yaradır ki, İkinci Qarabağ müharibəsində Zəfərimizi Ali Baş Komandan kimi təmin edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculq işlərinə də şəxsən nəzarət edir.
Quruculuq işləri kənd təsərrüfatı sahəsini də əhatə edir.Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Zəngilanda «Dost Aqropark»ın təməlqoyma mərasiminin keçirilməsi hər iki ölkə arasındakı qardaşlığın nümunəsidir. Qardaş ölkə mütəxəssislərinin birgə səyi ilə bu torpaqlara yeni həyat bəxş edilir. Bu layihə üzrə nəzərdə tutulan işlərin icrası Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. «Ağıllı kənd təsərrüfatı» texnologiyaları, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsasən fəaliyyət göstərəcək «Dost Aqropark» kompleksində 500 nəfər üçün iş yerləri açılacaq.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası» Dövlət Proqramında nəzərdə tutulduğu kimi, doğma evlərinə qayıdacaq insanların rifahı üçün sosial müdafiə paketi həyata keçiriləcək, sənaye məhəllələri salınacaq. 2023-cü ildə Laçın şəhər mərkəzinə, Zabux və Sus kəndlərinə əhalinin köçürülməsi ilə bağlı tədbirlər planı həyata keçiriləcək. Artıq Laçın şəhərində, Zabux və Sus kəndlərində bərpa-quruculuq işləri davam etdirilir. Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Cəbrayılda və başqa azad edilmiş ərazilərdə iri layihələr icra edilir. «Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq, biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bunun da böyük rəmzi mənası var» söyləyən Prezident İlham Əliyev bir zamanlar müalicəvi əhəmiyyəti ilə seçilən İstisu sanatoriyasının insanlara yenidən xidmət etməsi naminə həmin ərazilərə yolların çəkilişini, müasir tələblərə cavab verəcək otellərin tikilməsini bu yerlərin əvvəlki şöhrətinin qaytarılması baxımından vacib hesab edir. Təbii ki, abadlıq, quruculuq işlərində Şuşanın tarixi simasının bərpası xüsusi əhəmiyyət daşıyır. Şuşada yeni teleqüllənin təməlinin qoyulması, 960 şagirdlik yeri olan məktəbin, 90 çarpayılıq xəstəxananın inşası kimi digər sosial obyektlərin tikintisinə diqqət artırılır.
Böyük Qayıdışın ən önəmli hədəfi isə Zəngəzur dəhlizinin bərpasıdır. Prezident İlham Əliyevin Sərəncamına əsasən tarixə «Heydər Əliyev İli» kimi yazılan 2023-cü il Böyük Qayıdış üçün də əlamətdar olacaq. «Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Xalqımız da daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxt əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar» söyləyən ulu öndər Heydər Əliyevin bu sözlərinə əminlik Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin işğaldan azad edilməsi Ümummilli Liderin arzularının gerçəkləşməsidir.
Xuraman İsmayılqızı, «İki sahil»