25 fevral 2023 01:16
790

Qarabağ separatçılardan təmizlənəcək

Bu prosesdə ilk tullantı "şmotka satan" Ruben Vardanyan oldu

Məlumdur ki, Birinci və İkinci Qarabağ müharibələri arasındakı dövrdə Ermənistandan, Livandan, Suriyadan, Rusiyadan  terrorçular gətirilib burada yerləşdirilmişdilər. 2020-ci ildə Ermənistan ordusunun darmadağınından sonra ölən öldü, qalanların da əksəriyyəti qaçıb pərən-pərən düşdü. Lakin bu yerlərdə isti yuva tapıb gizlənənlər də var. Ona görə də Qarabağda yuva salıb qalmaqda olan erməni separatçılarının oradan təmizlənməsi üçün sadə və unikal bir fikir yürüdülüb. Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasda bildirdi ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox.

Prezident bununla da dünyaya "ixrac olunmuş" Ruben Vardanyanın qəbul edilməyəcəyi, Rusiyanın Ruben üzərindən inteqrasiya prosesini nəzarətə götürmək və öz maraqlarını yeritmək cəhdinə imkan verilməyəcəyi mesajını verdi.  Hərçənd, Azərbaycan Prezidentinin “erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri” sözləri perspektivdə Bakının demoqrafik siyasətinin də əsasını təşkil edə bilər. Qanuna görə bir ölkədə beş il yaşamamış vətəndaş yüksək vəzifələrə təyin oluna bilməz. Biz hələ demirik ki, Xankəndidə qondarılmış rejimin özü qeyri-qanuni və cinayətkar qurumdur. Belə bir qurum nə Azərbaycanda, nə də beynəlxalq aləmdə tanınır.

İşğal dövründə Ermənistan tərəfindən demoqrafik vəziyyətə təsir etmək məqsədilə Qarabağa bölgədə doğulmamış ermənilərin köçü həyata keçirilib. Müharibədən sonra belə ermənilərin hələ də Qarabağda qaldığı istisna deyil. Burada Rusiyadan, Livandan, Suriyadan gəlmiş terrorçuların da qalması ehtimalı var. O cümlədən Rusiya sülhməramlı kontingentinin əhalinin sayını artırmaq üçün Qarabağa daşıdığı ermənilər arasında bölgədə doğulmayanları, ümumiyyətlə, burada yaşamamış şəxsləri gətirdiyi də bəllidir.

Hərçənd, arxivdə işğal dövrünə qədər Azərbaycan vətəndaşı olmuş ermənilərin siyahısının olduğu istisna deyil. Üzərindən 30 il keçsə də, həmin şəxsləri və onların övladlarını müəyyənləşdirmək mümkündür. Qarabağda məhz bu ermənilərin yaşamaq hüququ olmalıdır. Söhbət həm də təkcə Qarabağda doğulanlardan yox, doğulduqdan sonra ömrü boyu burada yaşamış ermənilərdən gedir.

Çox güman ki, Bakının Qarabağa dair demoqrafik siyasətində bu prinsip tətbiq ediləcək.

Xankəndiyə “desant” kimi atılmış Ruben Vardanyanın Qarabağdan çıxıb getməsi üçün yuxarıdakı şərtlərin Moskvada səsləndirilməsi öz nəticəsini verdi. Yəqin bu, digər separatçılara da bir dərs oldu. Çox güman ki, Qarabağa gəlmə ermənilər özlərini cinayətkar oliqarx  Rubendən ağıllı və güclü saymaz, şələ-külələrini də götürüb Qarabağdan rədd olarlar. Olmasalar onda antiterror əməliyyatı ilə rədd edilərlər. Daha onların gəmidə oturub gəmiçi ilə dava eləməyə nə gücləri qalıb, nə də cəsarətləri.

Onlar artıq bilirlər ki, Azərbaycan Prezidenti səsləndirdiyi fikrin arxasında qətiyyətlə dayanır və onun həyata keçirilməsini təmin edir. Bunu onlar öz üzərlərində hiss ediblər. "Dəmir yumruq" və "İti qovan" əməliyyatları...

Vəli İlyasov,  "İki sahil"