Fevralın 18-də Almaniyada keçirilən və dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransında Azərbaycan daha bir böyük uğura imza atdı.
Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüş keçirdilər. Konfransda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışlar etdi. Beləliklə, dünyanın ölkəmizə olan marağı və dövlət başçısı İlham Əliyevin böyük nüfuzu bir daha təsdiqləndi.
Konfrans çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsindən sonrakı vəziyyətə diqqəti yönəltməklə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin məhsuldar sonluqla yekunlaşması üçün böyük və gərgin işlərin görüldüyünü bildirərək qeyd etmişdir: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır...”
Plenar iclas zamanı hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb edən dövləıtimizin başçısı Azərbaycanın “Dağlıq Qarabağ” yox, Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi: “Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin də olduğu Qarabağ rayonu var.”
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində iki dövlət arasında Sülh sazişinin imzalanmasının vacibliyini diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, Sülh müqaviləsi, ölkəmizin təklif etdiyi beynəlxalq səviyyədə dəstəklənən beş prinsip əsasında imzalanmalıdır. Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməzliyi ilə bağlı qəti mövqeyini dəfələrlə bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı ittihamların əsassız olduğunu bildirib.
Bütövlükdə, konfransın gündəliyini və gedişatını təhlil etdikdə bir daha əmin oluruq ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri