24 fevral 2023 00:11
473

Azərbaycanın Münxen zirvəsi...

Azərbaycan-Ermənistan-Gürcüstan dövlət başçılarının Almaniyanın Münxen şəhərində bir araya gəlməsini tarixi hadisə adlandırmaq olar. Çünki uzun müddətdir ki, bu üç Cənubi Qafqaz dövlətinin rəhbərləri regiondakı məlum hadisələrə görə bir araya gələ bilməmişdilər. Görüşün məqsədi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə həsr edilmişdi. Nəhayət, uzun illər davam edən narahat hadisələrdən sonra qonşu ölkələr normal şəraitdə yaşamaq məramı ilə Münxendə bir araya gəldilər. Ancaq vasitəçi adı ilə araya soxulmaq istəyən bəziləri bu fürsətdən öz mənfəətləri üçün yararlanmaq niyyəti ilə istifadə etməyə can atdılar.

Cənubi Qafqazda "lövbər" salmaq planı olan Fransa prezidenti Emmanuel Makron tədbirdən əvvəl Parisdə görüş təşkil etmək istəyirdi. Ancaq o görüş isə heç də özündə xoş məram ehtiva etmirdi. Rəsmi Paris Azərbaycan-Ermənistan məsələsində təşəbbüsün məhz onun əlində olduğunu və bununla da Azərbaycana öz iradəsini diktə etmək gücünə malik olduğunu dünyaya göstərmək istəyirdi. Amma rəsmi Parisin nəinki bu planı baş tutmadı, ümumilikdə bu istiqamətdə yürütdüyü siyasət tam iflasla nəticələndi. Bu fikri Münxendə üçtərəfli görüşün ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə baş tutması da sübut edir. Görüş aydın göstərdi ki, Fransanın bu prosesdə heç bir yeri və rolu yoxdur.  Bakı Brüsseli və ya Vaşinqtonu bu məsələdə daha vacib hesab edir. Çünki Fransanın birtərəfli ermənipərəst siyasəti onun prosesdə iştirakına imkan vermir. Prezident Makronun dəfələrlə işlətdiyi "Biz Ermənistanın yanındayıq, onu tək qoymayacağıq" ifədələri Münxen yolunda şlaqbaum oldu. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüssel formatının sonrakı mərhələdə pozulması da məhz Fransanın təşəbbüsü öz əlinə götürmək cəhdindən sonra baş verdi. Ona görə də Makronun Münhendə "qazdığı quyuya özünün düşməsi" tamamilə yerinə düşdü.

MTK şübhəsiz ən diqqətçəkən məqamı Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etməsi oldu. Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etdilər.

Moderatorun təxribat xarakterli sualları diqqətçəkən ilk məqam oldu. Belə ki, Ermənistanın Türkiyədəki zəlzələyə görə etdiyi humanitar yardımı qeyri-adi hadisə kimi şişirtməsi, Laçın yolundakı ekofəalların aksiyasını təhrif olunmuş formada təqdim etməsi, Qarabağda mövcud olmayan “humanitar böhran”a diqqəti çəkməsi və nəhayət, Paşinyana xüsusi şərait yaratması müzakirələrin öncədən hazırlanmış ssenari əsasında təşkil olunması təəssüratını yaratdı.

Bunu deməyə əsas verən digər bir fakt isə Cənubi Qafqaza həsr olunan panel haqqında verilən ilkin anonsda Paşinyanın adının iştirakçılar sırasında olmamasıdır. Görünür, Paşinyan 2020-ci ilin fevralında Prezident İlham Əliyevlə keçirilən canlı debatda düşdüyü gülünc vəziyyəti bir daha təkrarlamamaq üçün iştirakdan imtina etmişdi. Lakin öz aləmində nə düşündüsə, yekunda o paneldə iştirak etdi və görünür, onun iştirakına səbəb təşkilatçıların və panelin moderatorunun Paşinyana “xüsusi imtiyazlı debat” vədi varmış. Müzakirələr zamanı da göründü ki, moderator Paşinyana xüsusi şərait yaratdı. Lakin bunların heç biri Paşinyanın növbəti dəfə gülünc vəziyyətə düşməkdən və biabır olmaqdan xilas edə bilmədi. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də ingilis dilində çox səlis, eləcə də sanballı və məntiqli arqumentləri ilə moderatorun təxribatçı suallarını neytrallaşdırdı. Prezident bütün dünyanın gözü qarşısında mövcud vəziyyəti təhlil etdi. Arada Nikol Paşinyana və digərlərinə bir daha "Dağlıq Qarabağ" kəlməsini işlətməməyi tövsiyə etdi və bildirdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu var.

Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenada sıxışdırılması, təklənməsi barədə iddiaları alt-üst etdi. Hamı anladı ki, Azərbaycan heç kimdən heç nə istəmir, əksinə, öz şərtlərini irəli sürür və düzgünlük, ədalət tələb edir. Prezident İlham Əliyevin Azərbaycanın yeni enerji strategiyası ilə bağlı fikirlərinə, hazırda görülən işlərə və perspektiv planlara olan beynəlxalq dəstək bunu aydın şəkildə göstərir. Digər bir misal, Laçın yolu ilə bağlı Ermənistanın və Fransanın apardığı çirkin kampaniyanın heç bir nəticə verməməsi, ölkəmizin mövqeyinin nə dərəcədə güclü olduğunu nümayiş etdirdi.

Beləliklə, Azərbaycan Münxendə də Ermənistan və onun qaragüruhçu havadarları üzərindəki haqqa söykənən üstünlüyünü bir daha göstərdi. Görüş bir daha sübut etdi ki, Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı üstünlük müvəqqəti deyil və getdikcə onun mövqeləri dünyada daha da güclənməkdədir.

Vəli İlyasov, "İki sahil"