24 fevral 2023 03:19
532

Antimillilərin erməni-fars sevgisi

İllərdən bəri «Azərbaycan üçün nə pisdirsə bizim üçün yaxşıdır!» çirkin düşüncə ilə ölkəmizdə sabitliyin pozulması üçün xarici ağalarının əli-qolu bağlı qulu, təxribat və böhtan vasitəsi olan dağıdıcı müxalifətin «başbilər»ləri müxaliflər son vaxtlarda sanki danışmamaq haqlarını qoruyurlar. Bu da təbiidir. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsindən sonra ermənilər kimi yasa batan, qara geyinən, qısa müddətdə o ərazilərdə aparılat bərpa-quruculuq işlərinin əhəngindən gözləri kor, dilləri lal olan AXCP sədri Əli Kərimli kimi, «Milli Şura»nın dağınıq qoşun misalına bənzəyən üzvləri bu yeniliklərə qara yaxmaq üçün bəhanə tapa bilmirlər. Təkcə regionda deyil, bütün dünyada mövqeyi möhkəmlənən Azərbaycanla bağlı ürəkaçan sözlər eşitdikdə nöqtə qədər kiçilən Əli Kərimlinin təlimatlandırdığı trolları, xarici ölkələrin künc -bucağında veyillənən milli xəyanətkarları dünya ictimaiyyətinin heyran qaldığı Azərbaycan reallıqlarını görmək istəmirlər. ABŞ-da oturub Azərbaycanda min bir budağı silkələyən Sevinc Osmanqızı, onun həmkarı Qənimət Zahid və digərləri əksinə hadisələrə ermənilərə və molla rejiminə sərf edən tərzdə yanaşırlar.

Əli Kərimlinin Türkiyədə baş verən, əsrin fəlakəti adlandırılan zəlzələlərə narahat olmaması terrorçubaşı «Fetö»yə sadiqliyinin ifadəsi idi. Bütün dünya ictimaiyyətinin bir olub qardaş ölkəyə dəstək göstərdiyi bu günlərdə belə yardım kampaniyalarından kənarda qalmaqla çirkin niyyətlərini göstərən qaragüruhçular Tehranda Azərbaycan səfirliyinin binasına edilən hücum zamanı qətlə yetirilən, yaralanan səfirlik əməkdaşlarına qarşı törədilən terror aktını sükutla qarşıladılar. Vətən müharibəsinin ən çətin məqamlarında belə ermənilərə pərəstiş etdiklərini gizlətməyən Əli Kərimlinin xəyanətkar dəstəsi molla rejiminə qarşı etiraz hiss edilən bir kəlmə belə işlətmədi. Dünya siyasətinin aktual mövzusu olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı danışıqların, müzakirələrin aparıldığı indiki məqamda da vətəndaşlıq hisslərindən məhrum olan bu vətənsizlər yolun açılmasına mümkün qədər mane olmağa çalışan ermənilərin, fars rejiminin mənafeyini müdafiə edirlər. Hər zaman erməni- fars birliyinin tərəfdarı kimi çıxış edən AXCP-«Milli Şura» birliyinin ölkəmizdə pozuculuqla məşğul olması Nardaran hadisələrində ortaya çıxdı . Terrorçunu, dini radikalizmi təbliğ edənlərin müdafiəsi üçün iqtidara, respublikamızın hüquq-müdafiə orqanlarına qara yaxan, qanunlarımıza qarşı çıxan Əli Kərimlinin «Bəlkə də qaytardılar» nəqarətinin vaxtı çoxdan ötüb. 1990-cı illərdə olduğu kimi Ermənistanın yenidən Azərbaycanın bir-iki rayonunu işğal etməsinə tərəfdar olan milli satqınlar bu yolla hakimiyyətə gələcəklərini güman edirlər.

Qarlı, şaxtalı günlərdə Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyalarını belə görməzdən gələnlər başa düşməlidirlər ki, Azərbaycan xalqı buraxdığı tarixi səhvləri bir daha təkrar etmək fikrində deyil. Vətən təəssübündən, torpağa bağlılıq duyğularından məhrum olan milli satqınlar o gənclərdən belə nümunə götürmürlər. Ölkəni yenidən qarışıqlığa sürükləmək üçün ermənilərin mənafeyini müdafiə edən Əli Kərimli çetesi xəyanatkar ideoloji tribunası olan OsmanqızıTV vasitsilə Azərbaycanın uğurlarına qara yaxır, erməni, molla təəssübünü hər məqamda bildirir. Amma unudurlar ki, Azərbaycan artıq boş vədlərə, xəyallara deyil reallıqlara inanır. Xalqımızın, Azərbaycanın mənafeyi, dövlətçiliyimizin daha da qüdrətlənməsi naminə ölkədə birlik , həmrəylik yaradan, zamanın tələblərinə uyğun siyasət aparan, Avrasiyada söz sahibi olan Prezident İlham Əliyevin liderliyinin bütün dünya ictimaiyyəti, həmkarları tərəfindən etiraf edilməsi bu satqınlara tutarlı dərsdir. Xarici ölkələrdə sığınacaq tapan antimillilərə artıq havadarları da sahib çıxmırlar. Çünki Azərbaycan elə qüdrətli dövlətdir ki, belə tör-töküntülər bu gücün qarşısında zərrəcik belə ola bilməzlər.

Xuraman İsmayılqızı, «İki sahil»