Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.
2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin bu kəlamları hərbir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini teşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.
Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.
Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!
Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək - TƏHLİL
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir