01 sentyabr 2026 15:03
85

Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi

“Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakını dövlət başçısının növbəti çoxtərəfli platformada təmsil olunmasından daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Səfərin ilk günlərindən etibarən keçirilən intensiv siyasi təmaslar göstərir ki, Azərbaycan bu gün müxtəlif güc mərkəzləri ilə eyni vaxtda məzmunlu dialoq aparmağı bacaran, onlardan biri ilə əməkdaşlığı digərləri ilə münasibətlərə alternativə çevirməyən dövlətlər sırasındadır. Məhz bu amil Bakının xarici siyasət kursunun ən səciyyəvi cəhətlərindən birinə çevrilib. Azərbaycan sərt geosiyasi konstruksiyalara daxil olmağa çalışmır, Şərqlə Qərb arasında seçim məntiqindən uzaq durur. Bunun əvəzinə dövlətimiz, ilk növbədə, öz milli maraqlarını rəhbər tutaraq ikitərəfli və çoxtərəfli əlaqələr şəbəkəsini ardıcıl şəkildə genişləndirir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bu gün rəsmi Bakı Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə strateji əməkdaşlığı inkişaf etdirir, Çinlə münasibətləri dərinləşdirir, Rusiya və İranla dialoqu davam etdirir, eyni zamanda, Avropa və ABŞ ilə mühüm siyasi və iqtisadi əlaqələrini qoruyub saxlayır. ŞƏT-in Bişkek sammiti məhz bu modelin əyani təzahürünə çevrildi. Sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlətlərin rəhbərləri, o cümlədən Türkiyə, Qazaxıstan, İran, Belarus prezidentləri, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirdi. İkitərəfli gündəliklərin fərqli olmasına baxmayaraq, bütün bu təmasları bir mühüm məqam birləşdirir: Azərbaycan regional təhlükəsizlikdən nəqliyyata, ticarətdən siyasi əməkdaşlığa qədər geniş spektrdə dialoq aparmaq qabiliyyətinə malik müstəqil və tələb olunan tərəfdaş kimi qəbul edilir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ŞƏT ilə qarşılıqlı fəaliyyət formatı da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı 2015-ci ildən təşkilatın dialoq üzrə tərəfdaşıdır, 2022-ci ildən isə Prezident İlham Əliyevin ŞƏT sammitlərində iştirakı müntəzəm xarakter alıb. Cənab Prezident Səmərqənddən sonra Astana, Tiencin və indi də Bişkekdə keçirilən sammitlərdə iştirak edib. Bu ardıcıllıq artıq epizodik maraqdan deyil, davamlı siyasi istiqamətin formalaşmasından xəbər verir. Bundan əlavə, Çin daha əvvəl Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsini açıq şəkildə dəstəkləyib.
“Azərbaycan üçün ŞƏT ilə qarşılıqlı fəaliyyət növbəti geosiyasi düşərgəyə qoşulmaq baxımından əhəmiyyət daşımır. Təşkilatın əsas dəyəri, ilk növbədə, onun miqyası və tərkibi ilə bağlıdır. Burada Çin, Mərkəzi Asiya dövlətləri, Rusiya, Hindistan, Pakistan, İran və Avrasiya siyasətinin digər mühüm iştirakçıları təmsil olunur. Bu, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, energetika, texnologiyalar və regional əməkdaşlığın yeni modellərinin eyni platformada müzakirə edildiyi geniş bir məkandır. Məhz buna görə Azərbaycanın burada iştirakı tamamilə təbii görünür. Bakı bu gün beynəlxalq sistemdə xüsusilə önəm qazanan bir təcrübəyə — xarici siyasətin müxtəlif istiqamətlərini praktik şəkildə uzlaşdırmaq bacarığına malikdir. ŞƏT ölkələri ilə münasibətlər də abstrakt xarakter daşımır, möhkəm ikitərəfli təmələ söykənir”, - deyən Sevinc Fətəliyeva əlavə edib ki, Bişkekdə Prezident İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında keçirilən görüş bu baxımdan səciyyəvidir. Dövlət başçıları strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, nəqliyyat-logistika məsələlərini və Orta Dəhlizin perspektivlərini müzakirə ediblər. Yəni siyasi dialoq birbaşa iqtisadi layihələrə və infrastruktur qarşılıqlı asılılığına transformasiya olunur.
İran Prezidenti Məsud Pezeşkianla görüş də az əhəmiyyət daşımır. Prezident İlham Əliyev İran ətrafında yaranmış vəziyyətin sülh yolu və danışıqlar vasitəsilə həllinin tərəfdarı kimi Azərbaycanın mövqeyini bir daha vurğuladı. Mövcud beynəlxalq şəraitdə bu yanaşma Azərbaycan diplomatiyasının fundamental prinsiplərindən birini — siyasi dialoqa üstünlük verilməsini və regionun qarşıdurma məkanına çevrilməsinin qəbuledilməzliyini əks etdirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş də eyni dərəcədə əhəmiyyətli idi. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin və Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğuladılar. Diqqətçəkən məqam ondan ibarətdir ki, dialoqun növbəti mərhələsi artıq ŞƏT sammiti çərçivəsində baş tutdu. Bu isə Azərbaycan-Ermənistan normallaşması prosesinin tədricən normal beynəlxalq gündəliyin tərkib hissəsinə çevrildiyini və yalnız təcrid olunmuş ikitərəfli məsələ kimi qalmadığını göstərir.

“Beləliklə, Bişkek sammiti Prezident İlham Əliyevin xarici siyasət xəttinin mühüm xüsusiyyətini bir daha ortaya qoyur. Azərbaycan tərəfdaşlarının dairəsini genişləndirir, lakin öz manevr imkanlarını məhdudlaşdırmır. Böyük dövlətlərlə münasibətləri dərinləşdirir, lakin müstəqil siyasətindən imtina etmir. Müxtəlif beynəlxalq formatlarda iştirak edir, lakin onlardan birini digərinə qarşı qoymur.  Dünya siyasətində ayırıcı xətlərin getdikcə daha çox önə çıxdığı bir dövrdə belə model əlavə əhəmiyyət qazanır. Bu yanaşma Azərbaycana yalnız dəyişən beynəlxalq münasibətlər sisteminə uyğunlaşmaq deyil, həm də baş verən transformasiyadan öz mövqelərini möhkəmləndirmək üçün istifadə etmək imkanı yaradır. Məhz buna görə Bişkek sammitinin Bakı üçün əhəmiyyəti Azərbaycanın ŞƏT-də formal statusu məsələsi ilə ölçülmür. Daha mühüm olan başqa məqamdır: Azərbaycan artıq böyük Avrasiya diplomatiyasının fəal iştirakçılarından biridir və beynəlxalq sistem mürəkkəbləşdikcə bu üstünlük daha aydın şəkildə nəzərə çarpır” – deyə, deputat vurğulayıb.