01 sentyabr 2026 21:50
103

Cənubi Qafqazda davamlı sülhə doğru...

Bu, faktdır ki, Cənubi Qafqazda onilliklər boyu davam edən gərginlik və münaqişə dövrü arxada qalıb. Bu mənada demək olar ki, bölgədə yaradılan de-fakto sülh artıq dönməz xarakter alıb. Şübhəsiz, yaranan yeni geosiyasi reallığın memarı Azərbaycandır. Elə Prezident İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşündə bu, bir daha özünü açıq-aydın göstərdi.

Həmin görüşdə liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulamaqla yanaşı, işgüzar dairələr arasında təmasları alqışlayıb, qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Yeri gəlmişkən, qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində yaxın günlərdə azərbaycanlı şirkətlərin erməni şirkətlərindən məhsul alacaqlarını da bildirib: “Ermənistan Azərbaycana məhsul satacaq. Bununla da artıq ikitərəfli ticarət yaranacaq”.

Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar. Bir məsələni də vurğulayaq ki, bu günlərdə Paşinyan Kərki, Barxudarlı və Yuxarı Əskipara (onun adını çəkmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər daxilindədir) kimi kəndlərin Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını, bu kimi məsələlərin sərhədlərin delimitasiyası çərçivəsində həll ediləcəyini bildirib.

Parlamentarilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələr də diqqət mərkəzində olub. Hətta onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər. Liderlər, həmçinin Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bu dəhlizi həm də Azərbaycan-Ermənistan münasibətlərində etimadın bərpası üçün mühüm sınaq kimi dəyərləndirmək olar.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Yeri gəlmişkən, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında davam etdirilib.

Şübhəsiz, bütün bunlar bir daha sübut edir ki, əldə edilmiş sülhün qorunması və möhkəmləndirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün prioritetdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”