Aydın Quliyev
Zəngəzur dəhlizinin mütləq açılacağı ilə bağlı Prezident İlham Əliyevin ən yeni bəyanatı ultimativ tona malik olmaqla bu yöndə indiyədək səslənmiş bəyanatlardan fərqlənir.Zəngəzur dəhlizi mütləq açılmalıdır,Ermənistan istəsə də ,istəməsə də açılmalıdır. Bunu regiondakı müasir reallıqlara söykənən proseslərdə birbaşa dövlət maraqları olan Azərbaycan Prezidenti deyir. Xalqa yeni il təbrikində dəhliz barədə səsləndirilən fikirlərdəki ultimativ ton müharibədən ötən dövr ərzində Azərbaycanın xeyrinə daha da möhkəmləndirilən şərtlərdən doğur.Söhbət regional və qlobal miqyaslı bir sıra vəziyyətlərdən gedir. Şərti sıralama ilə göstərəcəyimiz bu vəziyyətlərin hamısına kompleks halda baxsaq ,heç bir şübhə yeri qalmaz ki, dəhlizin mütləq açılması indi Azərbaycanın dönməz dövlət kursuna çevrilib və Ermənistanın bu məsələdə bundan sonrakı ərköyün oyunpozanlıqları onun özü üçün heç vaxt olmayan risqlər yaradacaq...
Əvvala, Azərbaycan Prezidentinin dəhlizlə bağlı bəyanatı Laçın yolunda dövlətimizin süveren nəzarətinin daha güclü həddə çatdırılması ilə eyni vaxta düşür ki, buna təsadüf kimi baxmaq olmaz. Hələlik Xankəndi və onun "5-10 addımlıq" yaxın ətrafında "erməni qaydaları" qüvvədə olsa da, Laçın yolunun həlledici keçidində Azərbaycan qaydaları işləyir və bir vaxtlar əsas söz sahibi olan Volkov özü də Azərbaycanın qaydalarına uymaq zorundadır. Əks halda onun rəhbərlik etdiyi sülhməramlıların da yükləri ciddi "nəzarət " altına düşə bilər. Beləliklə, Azərbaycanın Laçın yolunda yaratdığı son durum sülhməramlıları məcbur etdi ki, üstün əməkdaşlığın kiminlə aparılmasını özləri üçün qəti müəyyənləşdirsinlər - Azərbaycanla ya oyuncaq separatçılarla...Azərbaycanın Laçın yolunda əldə etdiyi üstünlüyün strateji mahiyyəti və dəyəri bundan ibarətdir .Laçın yolundakı indiki vəziyyət məhz Azərbaycan prezidentinin yaratdığı ən yeni reallıqdır. Laçın yolundakı ən yeni reallığın üzərindən İlham Əliyevin Zəngəzur dəhlizi bəyanatına artıq bəyanat yox, hökm demək daha doğru olardı- Əliyevin Zəngəzur hökmü... Bu hökmün mənası belədir: "Laçında çoxlarının gözləmədiyi halda söz və mövqe sahibi olduq, Zəngəzur dəhlizində də eynisini edəcəyik"...Əliyevin daha əvvəlki Zəngəzur bəyanatları səslənən vaxtlarda Laçın yolunda indiki kimi söz və mövqe sahibi deyildik...
İkinci, Prezident İlham Əliyevin ən yeni Zəngəzur dəhlizi bəyanatı və ya Zəngəzur hökmünün "Fərrux","Qisas" kimi uğurlu əməliyyatlardan sonra səslənməsi də ona başqa bir güc verir. Avqust və sentyabr əməliyyatları da daxil olmaqla ərazidəki bütün hərbi hərəkətlərin nəticəsi olaraq Kəlbəcərdən taa Arazboyuna qədər Azərbaycanın misilsiz müdafiə,müşahidə və lazım gəlsə hətta hücum xətti yaratdığını indi heç kim inkar etmir. Məhz bu xəttin üstünlükləri Azərbaycan üçün Naxçıvan dağlarını görmək, Göyçə göllərini, İrəvana aparan komunikasiyaları ovuc içinə almaq imkanı təmin edir. Belə mövqelərdə Qafandan Mehriyə qədər kiçik sahəni görmək Azərbaycan üçün nə böyük çətinlikdir ki....Görmək isə o deməkdir ki, bunun ardınca hər cür tədbiri də həyata keçirə bilərik. Etiraf edək ki, İlham Əliyevin Zəngəzur dəhlizi barədə əvvəlki bəyanatları səslənəndə Kəlbəcərdən Arazboyuna qədərki çoxtəyinatlı (müdafiə, müşahidə, hücum) xətt üzərində Azərbaycan indiki qədər möhkəmlənməmişdi.
Üçüncü, İlham Əliyevin Zəngəzur dəhlizi barədə bəyanatı Ermənistanın ən fəal və ən sırtıq müttəfiqi sayılan Fransanın müxtəlif müstəvilərdə rüsvayçı silsilə məğlubiyyətləri ilə bir vaxtda səsləndi. Bu o deməkdir ki, müttəfiqləri ilə birlikdə Ermənistanın beynəlxalq mövqeyi zəiflədikcə Azərbaycanın hökm və tələbləri də sərtləşir. Erməni himayədarlığının son qalası sayılan Fransanın "daşları bir-bir tökülür". Fransa senatı Avropa ölkələrini Azərbaycan qazını-neftini almaqdan imtinaya çağırdı, baş tutmadı. Qarabağa girməyə çalışdı, alınmadı. Vardanyanı Fransa tv-lərində ulduza çevirdilər, bu ulduz da parıldamadı, Frankofoniya konfransında Makronçuların Azərbaycan əleyhinə təklif etdiyi bəyanatın qol-qanadını elə yoluxladılar ki, Vətən müharibəsindən sonrakı ilk həftələrdə Paşinyanın "islanmış cücə halı" bunun yanında toya getməli idi. Hələlik ən sonda isə BMT TŞ -də irəli sürdüyü anti-Azərbaycan bəyanatının mətnini "suyu süzülə -süzülə" özü geri çəkdi. Bütün bunlardan sonra Əliyevin hökmə bərabər Zəngəzur dəhlizi barədə bəyanatının doğura biləcəyi sonrakı nəticələri düşünmək olar....
Dördüncü, Ermənistan anti-Rusiya ritorikanı o həddə çatdırıb ki, Paşinyan hətta Putinə irad tutur və sülməramlıların öz vəzifələrini yerinə yetirə bilmədiklərini onun üzünə deyir.Rusiyanın Ukraynada mövqeləri zəiflədikcə Ermənistanın Qərbə yönəlik fəallıqlarının artması göz önündədir.Rusiya rəhbərliyinin bunu görüb -görmədiyi öz yerində,lakin Azərbaycan liderinin məhz belə şəraitdə səsləndirdiyi bəyanatın Ermənistana təsir gücü əvəlkilərdən fərqlənməyə bilməz...Belə ki, şəraitin Rusiyanı Zəngəzur dəhlizi ilə bağlı bir qədər fəal olmağa sövq edəcəyini ehtimal etmək olar...
Beşinci, Avropanın enerji təhlükəsizliyinə məlum risklərin yaranmasına baxmayaraq Azərbaycan Prezidenti yeni enerji dəhlizləri, yeni enerji körpüləri yaratmaq və mövcud infrastrukturların ötürücü gücünü artlrmaqla Avropa üçün özünün və ölkəsinin əvəzedilməzliyini anbaan gücləndirir . Neft və qazdan əlavə noyabrın 17-də imzalanmış sazişlə Azərbaycandan, həm də məhz azad edilmiş rayonlarımızdan Rumıniyaya elektrik ixracı imkanının açılması sübut etdi ki, Ermənistan Avropanın maraqları baxımından Azərbaycanın heç "daban sümüyü "səviyyəsində də deyil.Avropaya elektrik enerjisi ixracının reallığa çevrilməsi Zəngəzur dəhlizinin açılmasını da mütləqləşdirən yeni arqumentdir. Etiraf edək ki, əvvəlki Zəngəzur bəyanatlarının vaxtında Avropaya yeni enerji körpüsü hələ açılmamışdı. Elə burada əlavə edək ki, bir neçə həftə əvvəl Ermənistanın "Lyus" fondu Azərbaycanın enerji siyasətinin Avropa dövlətləri tərəfindən Ermənistana təzyiqlərin güclənməsinə gətirib çıxaracağını bəyan etmişdi. Şübhə yoxdur ki, Zəngəzur dəhlizinin açılması getdikcə daha sürətlə Avropanın özünün maraq məsələsinə çevrilir.
Sonda vacib sayılan bir məsələni də qeyd etmək lazımdır. İlham Əliyevin Zəngəzur dəhlizi barədə "mütləq və net" mövqeyi Azərbaycanın hansısa səviyyədə yumşala biləcəyinə son vaxtlar Ermənistanda və İranda baş qaldırmış ümidləri birdəfəlik yerə çırpdı. İran dərsini aldı ki, hazırda Azərbaycanla münasibətləri nə qədər gərginləşdirməyə çalışsa da, Azərbaycanın dəhliz mövqeyi dəyişməyib və dəyişməyəcək. Ermənistanın da öz dərsi var. Ermənistanda son vaxtlar ictimai rəyə belə ideya buraxılmışdı ki, Azərbaycanın Laçın dəhlizini adi yol səviyyəsinə salması gələcəkdə Zəngəzur dəhlizinin də adi yola çevrilməsinə perspektiv açır. Bəzi siyasi qüvvələr bunu Paşinyana qarşı ittiham arqumentinə çevirirdilər. Hətta bəziləri iddia edirdilər ki, Paşinyanın bu yöndə Əliyevlə gizli razılaşması da var. Ermənistan müxalifətinin belə təbliğat oyunlarında Paşinyanın özünün şəxsən iştirak edib-etmədiyini deyə bilmərik. Ancaq bizə fərq etməz. Azərbaycan Prezidenti "Zəngəzur dəhlizi mütləq açılmalıdır" hökmü ilə həm real perspektivi bir daha göstərdi, həm də erməni qüvvələrinin öz içlərində düzüb-qoşduqları "yol-dəhliz" təbliğat oyununu alt-üst etdi...Siz hansı oyunları istəsəniz qura bilərsiniz...
Biz Zəngəzuru məhz dəhliz statusunda açacayıq, istəsəniz də,istəməsəniz də...
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək - TƏHLİL
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir