30 dekabr 2022 23:06
994

2023-cü il Naxçıvana yeni arzular, yeni reallıqlar gətirir…

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənib, ölkəmizin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, aparılan ciddi və hərtərəfli islahatlar respublikamızın gələcək inkişafı üçün geniş perspektivlər açıb. Azərbaycan 2022-ci ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Bu, bir həqiqətdir ki, respublikamızın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib.  Bu gün Naxçıvandakı quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Həmçinin Naxçıvanda 100 faiz səviyyəsində qazlaşdırma təmin edilib, enerji təchizatı, müasir yollar inşa olunub, yüzlərlə səhiyyə və təhsil ocaqları inşa olunub, yeni iş yerləri yaradılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılır. Bütün bunlar ölkə başçısının bu diyara diqqət və qayğısının bariz nümunəsidir.

Dekabrın 22-də dövlət başçısı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlar verib. Dövlət başçısı bildirib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini səfərbər etməlidir. Fuad Nəcəfli Prezidenti əmin edib ki, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.

Artıq Naxçıvanda köhnə rəhbərliyin yol verdiyi nöqsan və catışmazlıqlar təhlil olunur və onların aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mətbuata açıqlamasında bildirib ki, təəssüf ki, Naxçıvan Ali Məclisində qəbul edilmiş qanun aktları ilə bağlı nöqsanlar var. Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir.

Bu günlərdə Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanan F.Nəcəfli Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə bildirib ki, 2023-cü ildə sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırılır: “Hədəfimiz budur ki, Naxçıvanda reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını, qardaş Türkiyə ilə olan iqtisadi münasibətləri aidiyyatı dövlət orqanlarımız ilə sahibkarlar arasında əlaqələrin səmərəli diskussiyamızı keçirək. Bütün iş adamlarını bu tədbirə qatılmağa dəvət edirəm”.

Sevindirici haldır ki, artıq Naxçıvanda yenidənqurma işlərinə start verilib. Belə ki, burada dövlət qurumlarına aid ilk rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürülüb. İlkin olaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İlkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib, 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.

Bundan başqa, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Naxçıvan Muxtar Respublikasında DOST Mərkəzi yaradılacaq.

Hazırda ölkəmizin baçısının rəhbərliyi ilə Naxçıvanda görülən işlər  bir daha sübut edir ki, qarşıda duran vəzifələr uğurla icra olunacaq.

Bəli, 2022-ci il arxada qalır. Arzu edirik ki, yeni arzular, ümidlər və reallıqlar ili olacaq 2023- cü il Vətənimizə, xalqımıza, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan qədim Naxçıvana və naxçıvanlılara xoşbəxtlik və firavanlıq gətirsin. Yeni il sülh, əmin-amanlıq və ruzi-bərəkət ili olsun!

Zahid Rza, “İki sahil”