Ermənilər iki yüz il müddətində davamlı olaraq əvvəl çar Rusiyasının, sonra isə Sovet hökumətinin havadarlığı ilə Azərbaycanın əzəli torpaqlarını qondarma dövlətin ərazisinə qatmışlar. Həmin siyasi quruluşlar azərbaycanlıları zülm və əsarət altında saxlayaraq baş qaldırmalarına imkan verməmişlər. Bolşevik cəlladları təkcə 1920-1937-ci illər ərzində Azərbaycanın ziyalı təbəqəsindən olan 29 000 günahsız alimi, şairi, yazıçını, hərbi, ictimai-siyasi xadimi məhv etmişdir. Hətta onların bir çoxunun ailələri də "xalq düşməni" elan edilərək ya güllələnmiş, ya da Sibirə sürgünə -"gedər-gəlməzə" göndərilmişlər. Yəni, cəlladlar azərbaycanlıların düşünən beyinlərini və "danışan ağızlarını" vəhşicəsinə aradan götürmüşlər. 1920-ci ilə qədər tarixdə heç vaxt dövləti olmayan ermənilərə dövlət qurmaq üçün başda Vladimir Lenin, İosif Stalin, Anastas Mikoyan, Qriqori Orconikidze və başqaları olmaqla Azərbaycanın İrəvan şəhərini təhdidlə alaraq ermənilərə paytaxt etmişlər. Sovet ordusunun qarşısında əliyalın və aciz vəziyyətdə qalan Azərbaycan rəhbərləri məcbur qalıb bununla barışmalı olmuşdular. Barışmayanlar, prinsipiallıq göstərənlər hakimiyyətə daraşmış ermənilər tərəfindən şər-böhtanla məhv edilirdilər.
Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bu tarixi proseslərə öz münasibətini bildirdi: "Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik."
Bəli, tariximiz təhrif olunmamalıdır. Sovet dövləti mövcud olduğu yetmiş ildə bizi öz soy-kökümüzdən ayırmağa çalışır, qardaşlarımızı, dostlarımızı bizə düşmən kimi, düşmənlərimizi dost kimi təqdim edirdi. Tariximiz təhrif edilirdi, orta və ali məktəblərdə Azərbaycan tarixi səthi, SSRİ tarixi isə fundamental şəkildə öyrədilirdi. Məsələn, bolşevik ideologiyasına görə Türkiyə və türklər bizim ən qəddar düşmənlərimiz, ermənilər isə dostumuz, qardaşımız kimi təbliğ edilirdi. "Qardaş olub Hayastan-Azərbaycan" mahnısının quraşdırılması da bu zəhərli ideyalardan yaradılmışdı.
Fikrinə davam edən Prezident İlham Əliyev görüşdə xüsusi vurğuladı ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idilər. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Onlar hakimi-mütləq olduqlarına görə buna nail oldular.
Ancaq bütün bunlar bəs etmədi, Sovet hökuməti Azərbaycana qarşı düşmən münasibətini axıradək davam etdirdi. 1946-cı ildə Sovet qoşunları Araz çayını keçərək Təbrizə qədər irəlilədi. Bakıdan görkəmli dövlət xadimi Əziz Əliyevin başçılığı ilə ziyalılardan ibarət böyük bir heyət Təbrizə gedərək qısa müddətdə qəzet və jurnallar çap etdirdilər, dövlət təsisatları yaratmağa başladılar. O taylı-bu taylı azərbaycanlılar bu birləşməni toy-bayram etdilər. Hamı düşünürdü ki, ayrılığa birdəfəlik son qoyuldu. Lakin...
Azərbaycana qarşı xoş münasibətdə olmayan İosif Stalin 1946-cı ilin yazında qoşunları geri çəkib sərhədi bağlatdı. Bundan istifadə edən İranın şah rejimi Təbrizi yenidən işğal edib azadlıq mücahidlərinə, Azərbaycan milli hökumətinin rəhbərlərinə qanlı divan tutdu.
Beləliklə, Azərbaycan bir neçə yerə parçalanaraq zəif düşdü və işğalçılardan hesab sormaq imkanı olmadı. Yalnız 2020-ci ilin 10 noyabr tarixi Qələbəmizdən sonra bu imkan yaranıb. Çünki ölkəmiz dünyada böyük hörmət və nüfuz qazanıb. Əlimizdən zorla alınan torpaqlarımız geri qaytarılmalı, dədə-baba yurd yerlərimiz murdar düşməndən təmizlənməli və o yerlərin əzəli sahibləri öz yurd-yuvalarına dönməlidirlər. Allah bu müqəddəs işimizdə bizə yardımçı olsun!
Vəli İlyasov, "İki sahil"
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək - TƏHLİL
Bişkekdə ŞƏT sammiti: Azərbaycanın diplomatiyası müstəqil seçim siyasəti kimi
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir