31 dekabr 2022 00:00
625

Həmrəyliyin Şuşa zirvəsi...

Və ya o taylı-bu taylı Azərbaycan üçün Yeni il arzuları

Acısıyla-şiriniylə, itirdiklərimizlə-qazandıqlarımızla özündə 365 ümid dolu günü birləşdirən “qocaman” bir ilin də sonuna gəldik. Bu gecə saatlar 12-ni, yox, belə olmadı, saatlar 00:00-ı göstərəndə milyonların içindən seçilmiş şanslı bir saniyə 2023-cü ili gətirəcək bizə. Gətirəcək ki, davam edək, böyük və müqəddəs hədəflərimizə doğru bir il daha irəliləyək. Daha böyük uğurlar, qələbələr üçün daha çox səfərbər olaq. Axı, hələ yarımçıq arzularımız, bitirə bilmədiyimiz işlərimiz, yeni savaşlarımız, qeyd etməli olduğumuz qələbələrimiz var qarşıda. Axı, millət, xalq, dövlət, Azərbaycan, bütöv Azərbaycan və bir də bütün dünya üçün, daha xoşbəxt gələcək naminə daha çox çalışmalıyıq!

Üfüqdə bir işıq görünür. Əsrlər boyu işğallardan, əsarətlərdən əziyyət çəkmiş, ancaq heç vaxt sınmamış, əyilməmiş, ümidini, əzmini itirməmiş böyük bir xalqın öz istiqlalına qovuşduqdan, qəddini dikəltdikdən, özünü toparladıqdan sonra od vurub, yandırdığı düşmənlərinin qəsdi-qərəzindən, topundan-tüfəngindən, tankından-təyyarəsindən qalanmış ocağın, uca dağlarımızın başında Dədəm Qorqudun qalatdırdığı tonqalların işığıdır o işıq. Hə, bir də Arazın o tayında, Azərbaycanımızın on milyonlarla soydaşımızın yaşadığı Güneyində zalım diktatorun, onun cəlladlarının yandırılan şəkillərinin işığıdır. O ocaq, o tonqal ona görə qalanıb ki, Azərbaycanın sabahını aydınlatsın, yağıların kəm baxan gözlərini kor eləsin! Yolumuz yolumuzu aydınladan həmin o işığa doğrudur!

2023-cü il xoş gəlir, xoş gəlsin. Fəxrlə, fərəhlə qarşılayacağıq. Çünki bu gün biz Müzəffər Sərkərdənin rəşadətli ordusunun qeyrətli əsgərlərinin misilsiz sücaəti, qəhrəmanlığı sayəsində qalib ölkənin qürurlu vətəndaşlarıyıq. Çünki bu gün daha Xocalıdakı günahsız qurbanların, səngərlərdə Azərbaycan naminə sevə-sevə, sevinə-sevinə müqəddəs şəhidlik məqamına ucalanların qanları alınıb, ruhları azad Vətənin aydın səmasında rahat dolaşır. Çünki bu gün biz yeni, 2023-cü ili bayram deyə qeyd etmək haqqını bütün varlığımızla qazanmışıq!

Bu gün həm də 1991-ci ilə qədər sadəcə “bu gecə Yeni il girəcək”dən artıq mənası, dəyəri olmayan, adi günlərdən sayılan, ancaq həmin vaxtdan harada yaşamasından asılı olmayaraq gözəl Azərbaycanımızı Vətəni bilib sevənlərin, azərbaycanlı olmağın qürurunu yaşayanların günüdür – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Doğma yurdumuzun qayğılarından, acılarından kədərlənənlərin, uğurundan, Qələbəsindən sevinənlərin daha da həmrəy olduğu, yumruq kimi birləşdiyi gündür bu gün. Tanrı şahiddir ki, zaman-zaman birliyimizi pozmaq, xalqımızı millətlərə, milli azlıqlara ayırmaq, parçalamaq istəyənlər az olmadı. Ancaq bacarmadılar, bacara bilmədilər! Yurdumuza xor baxanların, həmrəyliyimizi pozmaq istəyənlərin mənfur, xəbis niyyətləri ürəklərində, arzuları gözlərində qaldı hər zaman. 44 günlük İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, mövzu Vətəndirsə, müqəddəs torpaqlarımızın azadlığıdırsa, yurdumuzu yağmalamış yağıyla savaşdırsa yaşından və cinsiyyətindən, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər kəs Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşməyi bacarır, müsəlləh əsgərə çevrilir. Düşmənlərimizi pərən-pərən salan, onların havadarlarının planlarını alt-üst edən də məhz bu həmrəyliyimiz, azərbaycançılıq məfkurəsinə sevgimiz oldu.

Möhtəşəm Qələbəmizi şərtləndirən dövlətimizin başçısının əzmi və qətiyyəti, şanlı ordumuzun rəşadəti, cəbhədə düşmən üstünə cəngavər kimi yürüyən qəhrəman əsgərlərimizin sücaəti ilə yanaşı, həm də dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızın verdiyi töhfələr oldu. Sarsılmaz həmrəyliyimiz böyük Zəfərimizi daha inamlı etdi, gücümüzə güc qatdı...

Düşmənlərimiz, uğurlarımızı həzm edə bilməyənlər, yolumuza sədd çəkmək istəyənlər bitməyib, tükənməyib, hələ də var. Və bu gün birlik, həmrəylik bizə həmişəkindən daha çox lazımdır. İşğaldan azad edilmiş Qarabağımızı və Şərqi Zəngəzurumuzu yenidən qurub-yaratmaq, o yerləri cənnətə çevirmək üçün həmrəy olmalıyıq. Yağı qarşısında daha güclü dayana bilmək üçün yumruq kimi birləşməliyik. 20 gündür Şuşada, Laçın yolunda olduğumuz kimi. Vətənimizin, onun bir parçası olan gözəl Qarabağımızın milli sərvətlərini talamaq istəyənlərə, təbiətimizə qənim kəsilən yağılara qarşı bu böyük xalqın, onun milliyyətindən asılı olmayaraq hər bir övladının soyuqda-şaxtada, qarda-yağışda 20 gündür apardığı mücadilə dünya üçün əsl birlik nümunəsidir, həmrəylik mənzərəsidir, həmrəyliyin Şuşa zirvəsidir. Hər kəs baxır və anlayır ki, bizim məğlubedilməz gücə çevrilmiş birliyimiz, həmrəyliyimiz qarşısında duruş gətirmək mümkün deyil!

Həmrəylik günümüz mübarək, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız! Hər zaman bir olaq, həmrəy olaq ki, müqəddəs üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın, Azərbaycanımız daha da inkişaf etsin, daha da ucalsın!

Yeni ilin mübarək, o taylı-bu taylı, Qüzeyli-Güneyli Azərbaycan!

Mahir Rəsuloğlu, “İki sahil”