30 dekabr 2022 16:31
586

Dünya Azərbaycanlılarının həmrəyliyi vətənə sevginin təcəssümüdür

Hər bir xalqın talehində ağır, keşməkeşli və şərəfli günlər vardır. XX əsrdə şərqdə ilk dəfə müstəqillik əldə etmiş xalqımız müstəqilliyin şirinliyini tam dadmadan, dövlətçiliyin inkişafını tam görmədən, rus imperiyasının bolşevikləri tərəfindən Azərbaycan işğal oldu və 74 il imperiya caynaqlarının əzabını yaşadı.
Yalnız 1991-ci ildə SSRİ adlı bir imperiya çökməyə başlayanda Azərbaycan yenidən müstəqilliyə qovuşdu.
1991-ci il dekabrın 16-da Naxçıvan  Muxtar Respublikanın Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclis 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü kimi bayram edilməsi barədə qərar qəbul etdi. Sonradan Azərbaycan Respublikası Ali Soveti dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə 1991-ci ilin dekabr ayının 25-də Qanun qəbul etdi.
Bu Qanunun qəbul olunması dünyada yaşayan bütün soydaşlarımızın müstəqillik arzusunun bir daha gerçəkləşməsində mühüm rol oynadı.
1992-1993-cü illərdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda Heydər Əliyev xalqın nicatına yetişdi. O dahi insan, hakimiyyətə gəlişi ilə dövlətçiliyimizi məhv olmaqdan xilas etdi, onun əbədi və sarsılmazlığı üçün bütün ömrünü həsr etdi, ölkəmizdə qardaş qırğının qarşısı alındı və o dahi insan xalqın ümummilli liderinə çevrildi.
Fəxrlə qeyd etməliyik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ölkəmizdə dövlət bayramı kimi qeyd olunması xalqımızın dirçəlişinin tərəqqisinin və milli birliyinin təntənəsidir və bütün dünya azərbaycanlıları üçün zərurətə, mənəvi ehtiyaca çevrilmişdir.
Bu birliyin təntənəsinin məntiqi nəticəsi olaraq Ulu öndərin sərəncamı və birbaşa rəhbərliyi sayəsində 2001-ci ilin noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi.
Bildiyimiz kimi Ulu öndərin davamçısı, XXI əsrdə xalqımızın yeni liderinə çevrilən cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Dünya Azərbaycanlılarının II qurultayı 2006-cı ilin mart ayının 16-da, III qurultayı 2011-ci ilin iyulun 5-6-da, IV qurultayı 2016-cı il iyunun 3-4-də keçirilmişdir.
Keçirilən hər bir qurultay dünyada yaşayan soydaşlarımızın birliyində, ideya bütövlüyündə müstəsna rol oynamış və Azərbaycana, dövlətçiliyimizə inamı, sevgini daha da möhkəmləndirmiş, həm də dünyada yaşayan azərbaycanlılarla əlaqə qurmaqda mühüm rol oynamışdır.
Biz bu birliyin, bütövlüyün, tamlığın və Vətənə sevginin təcəssümünü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu və rəşadətli Ordumuzun sücaəti, xalq iqtidar birliyinin sayəsində  44 günlük Vətən müharibəsində bir daha yaşadıq və bütün dünyaya sübut edə bildik.

Elgiz Hüseynov,
YAP Yevlax rayon təşkilatının fəalı