30 dekabr 2022 23:16
649

Bütün azərbaycanlılar vahid amal ətrafında birləşib

Azərbaycanlıların tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər olub. Lakin keçən əsrin 90-cı illərində XX əsrdə əldə edilən ikinci müstəqillik dönəminin başlaması ilə həmrəylik anlayışı yeni məzmun aldı. Çünki müasir tarixi mərhələdə azərbaycanlıların həmrəyliyi müstəqil dövlət quruculuğu prosesi ilə əlaqələndirilməli idi. Ulu Öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən ustalıqla gəldi və indi hər bir azərbaycanlı həmrəyliyin nədən ibarət olduğunu yaxşı bilir. Keçən müddət ərzində dünya azərbaycanlılarının həmrəylik qurultayları keçirilib. Onların hər biri qarşıya ciddi vəzifələr qoyub. Analiz göstərir ki, bu proses olduqca məzmunlu və sistemli aparılıb. Nəticədə, diaspor qurumları da daxil olmaqla böyük təşkilati işlər həyata keçirilib. İndi dünya azərbaycanlıları qarşısında yeni vəzifələr durur. Prezident İlham Əliyevin bununla bağlı müraciəti son dərəcə maraqlı fikirlərlə zəngindir.

Müstəqillik dövründə azərbaycanlıların həmrəylik modelinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapıb. Bu proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi nəticəsində başlayıb. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların birləşməsi baxımından çox şərəfli olan bir yola çıxılıb. Azərbaycanlıların həmrəylinin əsas prinsipləri yığcam şəkildə Heydər Əliyevin aşağıdakı fikirlərində ifadə olunub: "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir".

Birinci qurultay 2001-ci il noyabrın 9-10-da Bakıda təşkil edilib. Bu, Ulu Öndər Heydər Əliyevin 2001-ci il may ayının 23-də verdiyi xüsusi sərəncam əsasında baş tutub. Bu, çox uğurlu bir başlanğıc olmaqla bir neçə istiqamətdə fəaliyyət göstərmək üçün meydan açdı. O cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün baza formalaşdırdı. Bunun nə qədər əhəmiyyətli olduğu hamıya məlumdur. Çünki həmrəylik üçün bütün azərbaycanlıların vahid amal ətrafında birləşməsi ilkin şərtdir.  İkinci qurultay Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində keçirildi. Həmin tədbir diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı. İnformasiya sahəsində fəaliyyətin gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələləri xüsusilə önə çəkildi. Dünya Azərbaycanlılarının üçüncü qurultayı 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində təşkil edildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili qərara alındı. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul etdi. Nəhayət, 2016-cı ilin iyun ayında keçirilən dünya azərbaycanlılarının dördüncü qurultayı azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqlədi. Prezident İlham Əliyev tədbirdəki çıxışında müasir dünyanın informasiya məkanına çıxmaq kimi yeni strateji xətti müəyyənləşdirdi.

Dünya azərbaycanlılarının yuxarıda vurğulanan dörd qurultayında müzakirə olunan məsələlərin məzmunu və alınan qərarlar göstərir ki, keçən müddətdə həmrəyliyin təmin edilməsi sistemli və məqsədyönlü şəkildə aparılıb. Görülən işlərin ümumi məzmunu haqqında Prezident İlham Əliyev dünya azərbaycanlılarına etdiyi müraciətdə dolğun fikirlər ifadə edib və dövlətin xaricdə yaşayan soydaşlarımızın taleyinə diqqətlə yanaşdığını bir daha vurğulayıb.

Şübhə yoxdur ki, bu fikirlər dünya azərbaycanlılarının həm birliyinin, həm də aktiv fəaliyyətinin yeni səviyyəyə yüksəldilməsinin əsas prinsipləri kimi qəbul edilməlidir. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə müasir dövrün çağırışları bağlılığında yeni məzmun çaları verməklə müstəqil dövlətçiliyin strateji məqsədlərini bir daha bəyan etmiş oldu. Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir!

Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsləhətçisi