30 dekabr 2022 22:15
540

Artıq ikinci ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib ölkənin vətəndaşları olaraq qeyd edirik

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.

Ulu Öndər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 - Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir.

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün hansı ölkədə yaşamasından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlı vahid amal uğrunda birləşərək əlindən gələn hər şeyi etməyə çalışdı. Əlbəttə, bu, ilk növbədə dövrün tələbi, zamanın çağırışı, digər tərəfdən Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, diaspor və lobbi quruculuğu yönümündə dövlət başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sistemli iş aparmasının nəticəsidir.

Xalqımız və dünyada yaşayan soydaşlarımız Vətən müharibəsinin ilk günündən Prezident İlham Əliyevin yürütdüyü siyasətə öz dəstəyini ifadə etdi. Milli  həmrəyliyimiz doğma Azərbaycanımızın ayrılmaz guşəsi olan Qarabağa və Şərqi Zəngəzura öz möhtəşəm töhfəsini bəxş etdi. Bəli, bu gün Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşan qələbə sevincini müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə birlikdə yaşayırıq. İkinci dəfə ümummilli birliyin, həmrəyliyin rəmzi olan 31 dekabr tarixini qalib Azərbaycanın vətəndaşları olaraq qeyd edirik. Bu əlamətdar bayram günü ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız, Yeni ili böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşır, xoş duyğular keçirir. Bir daha vurğulamaq yerinə düşür ki, Vətən müharibəsi zamanı cəmiyyətdəki mövqeyindən, siyasi əqidəsindən, statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yüksək səviyyədə milli həmrəylik nümayiş etdirdi.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı