Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətlərinin bolluğu mənfur qonşularımızda, xüsusilə ermənilərdə, bizə qarşı həsəd hisslərini həmişə gücləndirmiş, torpaqlarımızı işğal etmək üçün onlar daima yollar axtarmışlar. Heç vaxt dövləti və torpağı olmayan ermənilər XIX əsrin əvvəllərindən ta sonuna qədər xarici havadarlarının köməkliyilə səfalı, ata-baba yurdlarımızı, Qarabağı və Şərqi Zəngəzuru ilhaq etməyə nail oldular. İstər Sovet imperiyası, istərsə də imperiyadan qabaq car rusiyası dövründə ermənilərin torpaqlarımıza planlı şəkildə yerləşdirilməsi, onların torpaq iştahını daha da artırmışdır. Xalqımızın başına gətirilən müsibətlərin ssenarisi həmişə ruslar tərəfindən hazırlanaraq həyata keçirilmişdir.
Məhz müstəqillik illərində də torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalı rus ordusunun köməyi ilə baş tutmuşdur. Tarixi torpaqlarımızda, Ermənistanda, yaşayan soydaşlarımız zaman-zaman öz ev-eşiklərindən didərgin salınaraq deportasiyaya məruz qalmışlar. 1918-ci ildə qədim şəhərimiz İrəvan Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ermənilərə bağışlandı. Əslində bu xalqımıza, tariximizə, torpaqlarımıza qarşı misli görünməmiş bir haqsızlıq və cinayyət idi. Bununla kifayətlənməyən ermənilər Zəngəzuru ilhaq etməklə Naxçıvan və Türkiyə ilə quru əlaqələrimizi bağladılar və bu gün biz bunun acısını yaşayırıq. 1948-1953-cü illərdə Stalinin birbaşa göstərişi ilə yüz minlərlə azərbaycanlı Ermənistandan məcburi köçürüldü. Onlar Azərbaycanda iqlimi ən isti olan bölgələrdə yerləşdirildi ki, bu da soydaşlarımızın çoxunun müxtəlif xəstəliklər taparaq ölmələrinə səbəb oldu.
Ulu Öndər Heydər Əliyev Moskvada vəzifəsindən kənarlaşdırıldıqdan sonra Ermənistanda yaşayan soydaşlarımıza qarşı daha güclü represiyalar başlanıldı. 300-dən çox şəhər və kənddən 1980-ci ilin sonlarında 200 mindən çox soydaşımız son nəfərinə qədər öz ata-baba torpaqlarından qovuldu, yüzlərlə insan qətlə yetirildi, yollarda həyatlarını itirdilər. Ən acınacaqlısı o idi ki, bu vəhşiliklər, qanununsuzluqlar sovet hakimiyyəti dövründə vahid bir dövlətin rəhbərinin, Qarbaçovun, gözü qarşısında baş verirdi. Müstəqillik illərində isə xalqımız daha böyük faciələrlə üzləşdi. 1 milyondan çox azərbaycanlı öz torpaqlarında didərginə, məcburi köçkünə çevrildilər. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ermənilərin Azərbaycana qarşı səlib yürüşünün qarşısını aldı. Atəşkəsin imzalanması isə ölkəmizdə dövlət, ordu quruculuğunun başlanmasına, iqtisadiyyatımızın tədricən dirçəlməsinə, ən başlıcası isə müstəqil dövlətçiliyimizin əbədi və sarsılmazlığına imkan verdi. Ulu Öndər dəfələrlə öz çıxışlarında deyirdi ki, zaman gələcək biz Qarabağa, Qərbi Azərbaycana qayıdacağıq.
Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və məqsədyönlü siyasəti, Ordumuzun sücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə dekabrın 24-də görüşdə cənab Prezident qeyd etdiyi kimi biz artıq Bala Göyçənin sahilindəyik, Göyçə gölünü binokulsuz görürük. Bu da o deməkdir ki, Ulu öndərin “Qərbi Azərbaycana dönəcəyik” fikri cənab İlham Əliyevin siyasəti nəticəsində reallığa çevrilir. Qarabağın erməni işğalından azad olunmasını görən xalqımız əmindir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallaşacaq və biz Qərbi Azərbaycana dönəcəyik.
Elgiz Hüseynov,
YAP Yevlax rayon təşkilatının fəalı