29 dekabr 2022 22:26
549

Tarix təhrif olunmamalıdır

Hər kəsə məlumdur ki, qədim tarixə və zəngin mədəni  irsə sahib olan Qərbi Azərbaycan, əcdadlarımızın qədimdən məskunlaşdığı əzəli torpağımızdır. 1920-ci ildə Sovetlər İttifaqı yaranan zaman İttifaq ölkələrinin sərhədləri müəyyənləşəndə, heç bir əsas olmadan Azərbaycana qarşı böyük ədalətsiklik edilib və Qərbi Azərbaycan zorla qopardılaraq Ermənistana birləşdirilib. 1948-1953-cü illərdə 150 mindən çox soydaşımız Ermənistandakı öz tarixi torpaqlarından deportasiya olunaraq Azərbaycana yerləşdirilib. 1980-ci illərdə Ermənistan rəhbərliyi və Qarabağdakı erməni millətçiləri bu torpaqları Ermənistana birləşdirmək üçün böyük planlar həyata keçirməyə başladılar. 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, Ermənistanda və Qarabağda ermənilər azərbaycanlılara qarşı zorakılığa başladılar. 1988-ci ildən başlayaraq, ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Qarabağ və Şərqi Zəngəzur Ermənistan ordusu tərəfindən işğal edildi. Digər tərəfdən 1988-ci ildə daha 300 min azərbaycanlı Ermənistandakı öz doğma torpaqlarından didərgin salındı. Həyata keçirilən bu deportasiya zamanı çox sayda soydaşımız həlak olmuş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur. Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırıma ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir.

Bu Azərbaycanı Naxçıvandan və Türkiyədən və ümumilikdə türk dünyasından coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Bunu bir çox tarixi mənbələr, sənədlər və xəritələr də təsdiqləyir. Tarixi diyarımız olan Qərbi Azərbaycanın bütün toponimlərinin adları Azərbaycan mənşəlidir. Çünki bu ərazilərdə həmişə azərbaycanlılar yaşayıb və yaradıb. Çirkin erməni xisləti Qarabağdakı kimi, Qərbi Azərbaycanda da özünü göstərib və bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Amma nə qədər çalışsalar da azərbaycanlıların tarixi irsini yox etməyə nail ola bilməyiblər. Bu gün isə vəziyyət tam fərqlidir. İndi bizimlə heç kim güc dilində danışa bilməz.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qədim Azərbaycan tarixinə  bağlılığı, onu qorunması və gələcək nəsillərə çatdırılması  çağırışı, atdığı addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha tariximizin faciəli səhifələrini vərəqləyərək, Azərbaycan xalqının ayrı-ayrı zamanlarda deportasiya və soyqırımı siyasətinə məruz qaldığını bildirdi, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bəyan etdi. Böyük əhəmiyyət kəsb edən bu görüşdə Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin səsləndirdiyi hər bir fikir tarixi həqiqətləri özündə ehtiva edirdi. Bu həmdə, Prezidentimizin siyasi iradəsinin və prinsipial mövqeyinin göstəricisi idi. Ermənilər tərəfindən Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi və dini abidələrimizin yerlə-yeksan edildiyini, dağıdığını diqqətə çatdıran Prezident İlham Əliyev növbəti dəfə Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu qətiyyətlə qeyd etdi. Ölkə rəhbərinin görüşdəki çıxışı Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarına olan  ümidini daha da artırdı.

Bu gün işğaldan azad olunmuş Qarabağa qayıdışın reallıq olduğu kimi, yaxın gələcəkdə Qərbi Azərbaycana qaydış da reallıq olacaq. Bu məqsədilə yeni konsepsiyalar işlənir. İnsanlar oradan məcburən köçürülüb, evlərindən heç bir şey götürmədən çıxıblar. Deportasiya olunan insanların o dövrkü pasportları da qalır. Biz qərbi azərbaycanlıların hüquqlarının bərpası üçün beynəlxalq səviyyədə ciddi işlər aparmalıyıq, Ermənistanın yüz minlərlə insanı deportasiya etdiyini, etnik təmizləmə həyata keçirdiyini, Ermənistan adlanan qondarma dövlətin yerləşdiyi torpaqların azərbaycanlılara məxsus tarixi torpaqlar olduğunu dünyaya ardıcıl iş aparmaqla tanıda bilərik. Cənab Prezident Qərbi Azərbaycanla bağlı mövcud kitabların müxtəlif xarici dillərə çevrilib çap olunması və dünyada yayılması ilə bağlı tapşırıq verib. Yeni fəaliyyət planında bu məsələ də nəzərə alınacaq. Bu, bizim vəzifəmizdir. Dünya ictimaiyyətinə öz haqlı mövqeyimizi sübut edəcəyik.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı