“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi 1989-cu ildən yaradılmış, 2022-ci ilin avqustun 3-dən isə adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması” adlandırılmış, İcmanın yeni Nizamnaməsi təsdiqlənmişdir. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar mövcuddur və seçkilər keçirilir. Təşkilat 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı, Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlandığı yeganə ictimai qurumdur.
Əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmuş və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür.
Qərbi Azərbaycanın qədim Azərbaycan torpağı olması tarixi sənədlər və xəritələr əsasında təsdiq etmək mümkündür. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələri dağıtmış, azərbaycanlıların tarixi irsini silmək istəsələr də, tarixin, sənədlərin, xəritələrin olduğu üçün buna nail ola bilməmişlər. Dünya ictimaiyyəti artıq bunu bilməlidir. “Qərbi Azərbaycan İcması”nın əsas işi bu məsələni məqsədyönlü şəkildə həll etməkdir.
Azərbaycan xalqı hər zaman mübariz, qorxmaz olmuşdur. Yurd-yuvasına bağlılıq, onu qorumaq üçün tarixin bütün dövrlərində fədakar övladları ilə yadda qalmışdır. Lakin təəssüf ki, müxtəlif vaxtlarda, xüsusən, XX əsrdə xalqın mübarizələrinə baxmayaraq, yurd-yuvalarından didərgin salınmışdır. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Azərbaycanın tarixi torpağı Zəngəzuru Ermənistana birləşdirdilər.
1948-1953-cü illərdə Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalmışdır. İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlığına, Azərbaycan neftinin faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna roluna baxmayaraq, bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi cinayəti idi.
1980-ci illərin sonlarında xalqımızın Qərbi Azərbaycandan deportasiya edilməsi sovet hökumətinin Azərbaycana qarşı növbəti cinayətdir. Daha sonra Qarabağda insanlar yurd-yuvalarından çıxarıldılar, vəhşicəsinə qətlə yetirildilər. Bütün bunlar dünya ictimaiyyətinin gözləri qarşısında baş versə də, məsələyə ikili standartlarla yanaşıldı. Artıq iki ildir ki, Azərbaycan Qarabağda öz tarixi Zəfərini qazandı. Ölkə Başçısı haqqın bərpa olunması yolunda birgə səy göstərməyin vacibliyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri