29 dekabr 2022 13:31
566

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirib. Dövlət başçsıı görüş zamanı geniş nitq söyləyib. Qeyd olunub ki, bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil.

Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Odur ki, bu istiqamətdə hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

Azərbaycan Prezidentinin çıxışında xüsusi diqqət çəkən məqam ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı idi. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi.

Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu əməli ilə sübuta yetirib. Zəfər savaşında tam hərbi üstünlüyə malik olduğu zamanda belə ölkəmiz müharibəni dayandırıb, torpaqların mərhələli şəkildə azad olunmasına razılıq verdi. Amma Ermənistan bu humanizmi yetərincə dəyərləndirmədi və kapitulyasiya aktından sonra da hərbi siyasi təxribatlarını davam etdirdi. Prezidentimizin bildirdiyi kimi, bu ilin sentyabrında son təxribatlara Azərbaycan cavab verməyə məcbur oldu.

Beləliklə, Ermənistan yenidən hərbi iflas yaşadı və nəticədə bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir və sentyabr toqquşmaları həm də ermənilər üçün daha bir dərs olmaqla yanaşı, bizi gələcəkdə böyük problemlərdən sığortaladı.

Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik.

Mirhaşim Calalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim