XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.
Azərbaycan torpaqlarına göz dikən erməni şovinistləri monoetnik və "türksüz Ermənistan" uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmişlər.
Yerli olmayan bu hiyləgər insanlar çox böyük bir məkrlə Qafqazda özlərinə məskən salmış və tarixin müəyyən zamanlarında hissə-hissə torpaqlar ələ keçirərək qondarma Ermənistan dövləti yaratmışlar.
XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür.
Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.
Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir.
Azərbaycanlı əhalinin Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi ilə əlaqədar tədqiqatçı-alim Lətifə Həsənova maraqlı bir fikir söyləyir və onu tutarlı arqumentlərlə sübut etməyə çalışır. Arqument yeni sənədin əldə edilməsidir. Həmin sənədə əsasən o, belə mülahizə yürüdür ki, azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsindən əvvəl geniş antiazərbaycan təbliğatı aparılıb və müxtəlif şayiələr yayılıb, azərbaycanlılara qarşı 43 səciyyəvi fakt qeydə alınıb. Bu mənfur millət Azərbaycan torpaqlarını ələ keçirmək və bu yerlərdən azərbaycanlı əhalini evakuasiya etmək üçün müxtəlif hiylələrdən və güclü təbliğat kampaniyasından istifadə etmişdi. Tarixi faktlardan məlumdur ki, Rusiya imperatoru I Pyotrun Azərbaycana yürüşləri ərəfəsində ölkəmizin şimal bölgələrində onun imzaladığı manifest yayılmışdı. Rus qoşunlarının, qaniçən Sisianovun Gəncəyə hücumu ərəfəsində Gəncə əhalisi arasında təbliğat aparılmışdı. Təbliğat tədbirlərində ermənilər "fəallıq" göstərmiş, rusları öz himayədarları kimi dəfələrlə dəvət etmişlər.
Hətta ermənilər azərbaycanlıların kütləvi şəkildə köçürülməsi və xaricdəki ermənilərin boşalmış azərbaycanlı evlərində yerləşdirilməsi ilə kifayətlənməyərək onların Naxçıvanda da qalmamaları və gələcəkdə bu ərazinin Ermənistana birləşdirilməsi haqqında düşünürdülər.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1948-ci ildə 429 ailə (2384 nəfər), 1948-1950-ci illərdə isə 1000 təsərrüfatdan çox (7 min nəfər) azərbaycanlı ailəsi müxtəlif təzyiqlərə məruz qalaraq pərakəndə halda əmlaklarını qoyub Azərbaycana pənah gətirmişlər. Bu isə dözülməz maddi çətinliklər törədirdi. Erməni millətçiləri azərbaycanlılar arasında müxtəlif şayiələr yayır, vahimələr yaradırdılar. Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın müxtəlif rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına da qaçmağa məcbur olmuşdu. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144.654 nəfər doğma ev-eşiyindən zorla köçürülmüşdü.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verildi.
Ulu Öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanda deyilir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".
Cənab Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə xalqımızın Qərbi Azərbaycana qayıtmaq niyyətində qətiyyətli olduğunu, bunun üçün dövlətimizin insanlara hər cür dəstək göstərəcəyini vurğuladı. Ölkə başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum faydalanacağı qeyd edildi. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı