29 dekabr 2022 11:30
598

Qərbi Azərbaycan ata-baba yurdumuz, tarixi torpağımızdır

Qərbi Azərbaycan azərbaycanlıların-mənim əzizlərimin ata-baba yurdudur. Əfsuslar ki, doğma Qarabağ kimi digər ətraf torpaqlarımız olan Zəngəzur, Dərələyəz, Göyçə, İrəvan da zaman-zaman ermənilərin vəhşiliyinə, soyqırım və talançılıq siyasətinə məruz qalmışdır. Hər zaman böyüklərimiz, xüsusilə Qərbi Azərbaycanda doğulan, orada yaşayan nənəm mənə Qərbi Azərbaycan torpaqlarının coğrafi mövqeyindən, zəngin təbiətindən və mədəniyyət nümunələrindən danışdığı zaman mənim qəlbimdəki bir hiss  gələcəkdə həmvətənlərimizin öz doğma yurduna qayıdacağını deyir. Bəli, çünki biz necə ki Qarabağı düşmənlərdən azad etdik və qürurlu hadisədir ki, hazırda  “Böyük Qayıdış” ın sevincini yaşayırıq. Qərbi Azərbaycan torpaqlarında 1905-1920-ci illər ərzində erməni vəhşiliyi nəticəsində on minlərlə ailə tamamilə məhv edilmişdir, ümumilikdə isə yüz minlərlə həmvətənimiz erməni faşistlərinin təcavüzkar siyasəti ilə  öz həyatını itirmiş, sağ qalanlar isə öz doğma torpaqlarından zorla köçürülmüşdür. Bu proses 1948-1953-cü illərdə, həmçinin 1988-1993-cü illər Birinci Qarabağ müharibəsi ərəfəsində də davam etmişdir. Azərbaycanlılar zorla qovulmuş, mədəniyyət abidələrimiz məhv edilmişdir. Halbuki bütün tarixi mənbələr və mədəni-dini abidələr həmin torpaqların azərbaycanlıların ata-baba yurdu olduğunu sübut edir. Azərbaycanda uzun illərdir  fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi cari ilin 3 avqust tarixində Qərbi Azərbaycan İcması(QAİ) ilə əvəzlənmişdir. İcma Qərbi Azərbaycan torpaqlarının tarixini daha dərindən araşdıraraq, burada yerləşən maddi-mədəni, tarixi abidələrimizi dəqiq araşdırıb, azərbaycanlı ların bu torpaqların əsl sahibi olduğunu, bir sözlə həqiqəti dünya ictimaiyyətinə təqdim etmə istiqamətində fəaliyyət göstərəcəkdir. Bu isə sevindirici haldır.

Ona görə ki, biz necə ki Qarabağla bağlı haqlı mövqeyimizi dünyaya sübut etdik, gün gələcək Qərbi Azərbaycan torpaqlarına qayıdan həmvətənlərimiz də tarixi ədalətin bərpa olunduğunu İrəvanda bəyan edəcəklər.  Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.Görüşdə cənab Prezident tarixi və dəyərli fikirləri ilə Qərbi Azərbaycandan olan həmvətənlərimizə əsl həqiqətləri çatdırdı. Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yyaşayırlar.

Bəli, mən o torpaqları görməsəm də, bilirəm ki, İrəvan bizim doğma diyarımızdır. İnanıram ki, zaman gələcək mən də öz siyasi fəaliyyətimi məhz Qərbi Azərbaycanda- ata-babalarımın əzəli vətənində davam etdirəcəyəm. Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü bənzərsiz YAP siyasəti bizim firavan və xoşbəxt gələcəyimizi təmin etməklə yanaşı, azərbaycanlılara öz doğma torpaqlarına qayıtmaq sevincini, bir sözlə tarixi ədalətin bərpa olunduğu qalibiyyət hissini yaşadıb. Bu möhtəşəm qələbələr iləbil artır.  Biz qürur hissi keçiririk ki, bu gün Azərbaycan müdrik siyasətimiz nəticəsində uğur zirvəsində qərarlaşmağı bacaran qüdrətli dövlətə çevrilmişdir.

Zülfiyyə Mahmudova,

YAP Yevlax rayon təşkilatının əməkdaşı