29 dekabr 2022 01:58
538

Biz hər zaman həqiqəti deyirik

Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu hədəfi açıqladı ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi gündəliyimizdə duran məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənməsidir

“Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.» Dövlət başçısı İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan biri qrup ziyalı ilə görüşündə diqqəti tariximizin ayrı-ayrı dövrlərində  yaşadığımız faciələrə yönəldərək qeyd etdi ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında  xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir.

Bu gün də əsas çağırış tarixin təhrif olunmamasıdır. Dövlət başçısı İlham Əliyevin  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir mənbə olan bu çıxışında bütün reallıqlar öz əksini tapıb.  1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım, xəyanət  və cinayət idi. Bunu  xalqımız  bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.

Tarixi həqiqətlərə nəzər salaq. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi.

1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Ümummilli Lider  1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm o vaxtkı Ermənistanda  xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi.

Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Bunlar tarixdir. Tarixi inkar etmək, saxtalaşdırmaq qeyri-mümkündür. Azərbaycanın diplomatik mübarizədə qələbəsini şərtləndirən əsas amil tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatımızdır. Azərbaycanın tarixi faktları qarşısında aciz qalan ermənilər inkar yolunu tutmaqla nəyəsə nail olacaqlarını düşünsələr də 44 günlük İkinci Qarabağ müharibəsində bunun mümkünsüzlüyü bir daha təsdiqini tapdı.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Ən əsası zaman hadisələrin düzgün dəyərləndirilməsi baxımından zəngin mənbədir. Saxta tarix yazıb  bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər yalan üzərində qurulan təbliğatın ömrünün uzun olmadığının, gec-tez ədalətin, haqqın qalib gələcəyinin fərqində idilər. Tarixi Zəfərimiz bütün reallıqlara işıq salmaqla yanaşı, ermənilərin, erməni diasporunun illərdir yaratdıqları mifləri dağıtdı. Dünya bir daha bu reallığın şahidi oldu ki, yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. «Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir» deyən dövlət başçısı İlham Əliyev bildirdi ki, xalqımız ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayır, qurub-yaradır, dağıntıları aradan qaldırır və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır: «Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi.»

Dövlət başçısı diqqəti işğal dövründə ATƏT-in faktaraşdırıcı missiyasının işğaldan azad edilmiş ərazilərimizə süni məskunlaşma faktının olub-olmamasını öyrənmək üçün bu torpaqlara səfərlərindən, hazırladığı hesabatdan bəhs etmişdir. İstər işğal, istərsə də postmünaqişə dövründə Azərbaycan  bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan bəhrələnməyə xüsusi önəm verib. Ölkəmizin işğal dövründə Qarabağ məsələsini BMT-də müzakirəyə çıxarması, həmçinin işğal altında olan torpaqlarımızda süni məskunlaşma faktının öyrənilməsi üçün BMT-yə xüsusi missiyanın yaradılıb bu torpaqlara göndərilməsi ilə bağlı müraciət etməsini işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın bu gün artıq  tarixin arxivinə atılmış Minsk qrupunun vasitəçiliyindən imtina kimi dəyərləndirərək ölkəmizi sülh danışıqlarında maraqlı olmamaqda ittiham etməyə çalışırdılar. Təbii ki, bu kimi sərsəm düşüncələr Ermənistanın münaqişənin həllində maraqlı olmamasından irəli gəlirdi.  ATƏT-in faktaraşdırıcı missiyasının iki dəfə işğal altında olan torpaqlarımızda olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev vurğuladı ki, ancaq onların məruzəsinə baxdıqda yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı  bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

İnkaredilməz həqiqət budur ki,  Azərbaycan müstəqillik qazandıqdan,  daha dəqiq desək, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  tariximizin obyektiv mənzərəsinin yaradılması üçün  imkanlar əldə olundu. Ümummilli Liderin fəaliyyətinin əsas tərkib hissələrindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, orada   Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə diqqət yönəldilməsin. Erməni yalanlarını faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdıran ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi önəm də bu istəkdən qaynaqlanırdı. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə əsaslı şəkildə çatdırılmalı, ermənilərin iç üzü onlara göstərilməlidir. Tarixin saxtalaşdırılmasına yol verməmək tapşırığı da ulu öndərin tariximizə verdiyi dəyərdən irəli gəlirdi. Məhz ümummilli liderin tapşırıqlarına uyğun olaraq  faktların dili ilə xeyli sayda kitablar çap olundu və müxtəlif dillərə tərcümə edilərək  dünyaya çatırıldı.

Əvvəldə də qeyd etdiyimiz kimi, ötən illərdə  aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmışdır.   Azərbaycan dövlətinin erməni vəhşiliklərini dünyaya bəyan edən addımları  bu reallığı bir daha təsdiqləyir ki, təbliğat real həqiqətlərə əsaslananda daha inandırıcı və uzunömürlu olur. Ən əsası Azərbaycan işğala məruz qalan tərəf kimi əsaslı təbliğatı əsasında  informasiya mübarizəsində qələbəsi ilə 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Azərbaycanın tarixi Qələbəsi ölkəmizin həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünün nümayişi oldu.  Təhlillər bu faktı təsdiqləyir ki, tarix heç zaman unudulmur. Tariximizin hər səhifəsinə hörmətlə yanaşan dövlətimiz mövcud imkanlardan səmərəli istifadə edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərir və bu istiqamətdə  diplomatik uğurlarımız göz önündədir.

Cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycan İcmasının qarşısında dayanan vəzifələri qeyd edərək qurumun gələcək fəaliyyətinin yol xəritəsini təqdim etdi.  «Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün» söyləyən dövlət başçısı vurğuladı ki,  bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Təşkilat qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir.  İcmanın  beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq.

Reallıq budur ki, ölkəmiz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildi. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Dövlət başçısı İlham Əliyev İcmanın qarşısında dayanan vəzifələri açıqladı.  Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycanın diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. İcmanın çox mötəbər bir rəqəmsal platforması, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Birgə səylər əsasında  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənib hazırlanması da əsas hədəflər sırasındadır. Dövlət başçısı İlham Əliyev bildirir: «Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.»

Yeganə Əliyeva, «İki sahil»