“Azərbaycanlıların pozulmuş hüquqları bərpa olunmalı, ədalət öz yerini tutmalıdır. Nəinki Şərqi Zəngəzurdan, Qarabağdan olan məcburi köçkünlərin, o cümlədən müxtəlif illərdə, xüsusən də 1988-ci ildən başlayaraq indiki Ermənistan ərazisindən zorla çıxarılan, evləri qanunsuz olaraq əllərindən alınan, mülkiyyət hüquqları pozulan, döyülən, öldürülən, təhqir edilən və ümumiyyətlə insan hüquqları ermənilər tərəfindən kobudcasına pozulan azərbaycanlıların, soydaşlarımızın bütün haqqları tanınmalı, bütün bunları törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha tariximizin faciəli səhifələri vərəqləndi, xalqımıza qarşı ayrı-ayrı zamanlarda deportasiya və soyqırımı törədilməsi pislənildi: “Görüşdə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bəyan edildi. Ali Baş Komandanımızın səsləndirdiyi hər bir fikir tarixi həqiqətləri özündə ehtiva etməklə yanaşı Prezidentin siyasi iradəsini və prinsipial mövqeyini bir daha açıb göstərdi. Uzun illər ermənilər tərəfindən Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi və dini abidələrimizin yerlə-yeksan edildiyini, dağıdıldığını diqqətə çatdıran Prezident növbəti dəfə Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu qətiyyətlə ifadə etdi.
Bu çıxış Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarımıza - Qərbi Azərbaycana qayıdacaqlarına olan ümidlərini artırdı. Bu gün dünyanın bəzi siyasi gücləri Qərbi Azərbaycanla bağlı tələblərimizə də Qarabağ münaqişəsindəki kimi ikili standartlar prinsipindən yanaşırlar. Amma biz öz milli maraqlarımızdan imtina etmək fikrində deyilik və prosesi beynəlxalq müstəviyə çıxarmaqda iradə nümayiş etdirməliyik və erməni yalan və saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Qərbi Azərbaycanda xalqımıza aid çox zəngin mədəni-tarixi irs var. Çünki əcdadlarımız min illər boyu bu ərazidə yaşayıblar. Dövlət başçımızın da qarşıya qoyduğu tapşırıqlar da budur, biz ata-baba yurdumuza, zorla əlimizdən alınmış torpaqlarımıza qayıtmalıyıq və mütləq qayıdacağıq”.