Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizə bağlılığı, qorunması və gələcək nəsillərə çatdırılması çağırışı atdığı addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha tariximizin faciəli səhifələrini vərəqləyərək Azərbaycan xalqının ayrı-ayrı zamanlarda deportasiya və soyqırımı siyasətinə məruz qaldığını bildirdi, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bəyan etdi. Böyük əhəmiyyət kəsb edən bu görüşdə Ali Baş Komandanımız cənab İlham Əliyevin səsləndirdiyi hər bir fikir tarixi həqiqətləri özündə ehtiva etməklə yanaşı Azərbaycan Prezidentinin siyasi iradəsinin və prinsipial mövqeyinin göstəricisi idi. Ermənilər tərəfindən Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi və dini abidələrimizin yerlə-yeksan edildiyini, dağıdığını diqqətə çatdıran Prezident İlham Əliyev növbəti dəfə Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu qətiyyətlə qeyd etdi. Ölkə rəhbərinin görüşdəki çıxışı Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarına olan ümidini daha da artırdı.
Aydındır ki, Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, daim təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd bəyanatlar səsləndirməkdən belə çəkinmirdi. Üstəlik İkinci Qarabağ müharibəsindən əvvəl uzun illər ərzində bəzi xarici dövlətlər, beynəlxalq təşkilatlar, siyasi dairələr Azərbaycanın öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməsinə maneələr yaradırdılar. Lakin Prezident İlham Əliyev münaqişənin hərbi həllinin mövcudluğunu “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi. Bununla da dövlətimiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü gerçəkləşdirdi. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik. Ona görə buna nail olmaq üçün beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Qarşıya qoyulan əsas hədəflərdən biri də tarixi həqiqətlərlə bağlı kitabların yenilənməsidir. Həmin kitablar bütün dillərə tərcümə edilməlidir. Təbii ki, bu, təbliğat işinin miqyasının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.
Daha sonra Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycana qarşı olan ədalətsizlikdən və ikili standartlardan bəhs etdi. Bundan başqa görüş zamanı Laçın yolunda baş verən hadisələrə toxunan cənab İlham Əliyev təbii sərvətlərimiz istismar edildiyini, daşındığını vurğuladı. Eyni zamanda Ali Baş Komandanımız Ermənistana və onun havadarlarına da lazımi mesajlar göndərərək bildirdi ki, heç bir kəs, heç bir bəyanat və heç bir zəng Azərbaycanın mövqeyinə təsir etməyəcəkdir. Dünyadakı siyasi güclər Qərbi Azərbaycanla bağlı tələblərimizə də eyni Qarabağ münaqişəsindəki kimi ikili standartlarla yanaşırlar. Lakin buna baxmayaraq biz yenə də Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Çünki Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar sırasında ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsi oldu. Dost ölkələrin alimlərinin, arxeoloqlarının, tarixçilərinin bu konfranslara dəvət edilməsi vacib amil kimi diqqətə çatdırıldı.
Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü tarixi əhəmiyyət kəsb edən hadisə olmaqla yanaşı İcmanın gələcək fəaliyyətinin inkişafına böyük töhvə vermiş olacaqdır. Prezident İlham Əliyevin qətiyyətinə və Dəmir Yumruğun iradəsinə inanırıq əminik ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız qayıdacaqlar. Qərbi Azərbaycana qovuşmağımızla bizi yalnız zaman ayırır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri