Vətən savaşımızın qalibiyyətlə başa çatması dünya azərbaycanlılarının həmrəyliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir
Azərbaycan Respublikası 30 il əvvəl dövlət müstəqilliyini qazandıqdan və beynəlxalq hüququn subyektinə çevrildikdən sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında yeni bir tarixi mərhələ başlandı. Azərbaycan Respublikasının çağdaş sosial fəaliyyətində, beynəlxalq münasibətlərində xaricdə yaşayan soydaşlarımızın problemlərinin həll olunması, doğma Vətənlə əlaqələrin qurulması və dünya azərbaycanlılarının bir bayraq altında birləşdirilməsi üçün də şərait yaradılmış oldu.
Məlumdur ki, Sovet imperiyası dövründə Azərbaycanda bu vacib məsələ ilə məşğul olmağa imkan verilməyib, xarici ölkələrdə soydaşlarımızın sayının artmasına baxmayaraq, Azərbaycan diasporu dağınıq halda mövcud olub, lobbi quruculuğu ilə ardıcıl və sistemli şəkildə məşğul olunmayıb. Bu sahədə böyük vaxt itkisinə yol verilib. Məhz bu səbəbdən də müstəqil dövlətimizin xarici siyasətində Azərbaycan lobbisi problemi həll olunmalı ən vacib məsələlərdən biri hesab edilib. Odur ki, ulu öndər Heydər Əliyev çoxsaylı xarici səfərləri zamanı vaxt azlığına baxmayaraq, həmin ölkələrdə yaşayan soydaşlarımızla səmimi və mehriban görüşlər keçirib, onların problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu görüşlər təkcə həmin ölkələrdə yaşayan soydaşlarımız üçün deyil, dünya azərbaycanlılarının milli-mənəvi həmrəyliyi məsələsində son dərəcə vacib hadisələrdəndir.
Bu gün təxmini hesablamalara görə, Azərbaycan da daxil olmaqla dünyanın 70-ə qədər ölkəsində 55 milyondan çox azərbaycanlı yaşayır və onların 10 milyondan çoxu öz Vətənindən, tarixi-etnik torpaqlarından kənarda mühacir həyatı yaşamaqdadır. Göründüyü kimi, bu, kiçik rəqəm deyil və xaricdəki Azərbaycan diasporu haqqında müəyyən qənaətlərə gəlməyə imkan verir. Təəssüflər olsun ki, xaricdə yaşayan soydaşlarımızla mədəni-mənəvi əlaqələr onilliklər boyu yox səviyyəsində, yaxud çox zəif olub, “kommunizm quruculuğu” dövrlərinin siyasi-ideoloji qadağaları bu əlaqələrin yaranması, güclənməsi və inkişaf etməsi yolunda sipərə çevrilib. Sovetlər birliyinin dağılması və Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi bu sahənin də həyatına mühüm canlanma gətirdi. Baş verən qlobal siyasi hadisələr, məlum havadarların açıq-aşkar yardımı ilə Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, 20 yanvar, 26 fevral soyqırımları, ölkəmizin ərazisinin 20 faizinin işğalı, bir milyondan çox qardaş və bacılarımızın doğma yurdlarından didərgin düşməsi, ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın güclü informasiya blokadasına alınması, erməni lobbisinin əleyhimizə güclü və çoxşaxəli fəaliyyəti xaricdə yaşayan həmvətənlərimizin də ictimai fəallığının artması və onların xalqımızın istiqlal mübarizəsində yaxından iştirak etməsinə təkan verdi. Soydaşlarımızın bir qismi məhdud dərnəkçilik səviyyəsindən çıxmağa və milli-siyasi yöndə təşkilatlanmağa başladılar. Hazırda azərbaycanlıların dünyanın bir çox ölkəsində 100-dən çox ictimai, milli-mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir.
Xaricdə yaşayan azərbaycanlıların problemlərinə həssaslıqla yanaşan, ömrü boyu Azərbaycan adının müqəddəsliyinə xidmət etmiş ümummilli lider Heydər Əliyev birlik məsələsini günün ən vacib məsələsi sayaraq “Azərbaycanın özündə də bugünümüzün, gələcəyimizin zəmanətinin rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir”, yaxud “Dünyanın hər bir ölkəsində, hər bir şəhərində, guşəsində, kəndində yaşayan soydaşımız müstəqil dövlətimiz üçün, Azərbaycanın Prezidenti kimi mənim üçün əziz vətəndaşımız, soydaşımız, həmvətənimizdir” kimi dəyərli ifadələr işlədib. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti, bu münasibətlə ölkəmizdə və xaricdə keçirilən tədbirlər xalqımızın özünüdərki, mənəvi bağlılığı istiqamətində atılan ən mühüm addımdır. Bu gün istər daxildə, istərsə də xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə inam, ümid yaranıb, onların tarixi Vətənlə əlaqələri genişlənərək ardıcıl xarakter alıb. Bu isə həmvətənlərimizin təşkilatlanması, onların arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi, diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.
Soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri də indiyə kimi keçirilmiş dünya azərbaycanlılarının qurultaylarıdır. Burada ünsiyyət və ideya mübadiləsi uğurla təşkilatlanmanın əsasını təşkil edir ki, bu imkanlardan da səmərəli istifadə olunur.
Qürbətdə yaşayan soydaşlarımızın həmrəylik nümayiş etdirməsi olduqca qürurverici haldır. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Vətən savaşımızın qalibiyyətlə bitməsi üçün hansı ölkədə yaşamasından, əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlı vahid amal uğrunda birləşərək əlindən gələn hər şeyi etməyə çalışdı. Əlbəttə, bu, ilk növbədə dövrün tələbi, zamanın çağırışı, digər tərəfdən Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında həmrəyliyin, diaspor və lobbi quruculuğu yönümündə dövlət başçısı İlham Əliyevin sistemli iş aparmasının nəticəsidir.
Xalqımız və dünyada yaşayan soydaşlarımız Vətən müharibəsinin ilk günündən Ali Baş Komandanın yürütdüyü siyasətə öz dəstəyini ifadə etdi. Milli həmrəyliyimiz doğma Azərbaycanımızın ayrılmaz guşəsi olan Qarabağa və Şərqi Zəngəzura öz möhtəşəm töhfəsini bəxş etdi. Bəli, bu gün Azərbaycan Respublikasının siyasi-coğrafi sərhədlərini aşan qələbə sevincini müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə birlikdə yaşayırıq. İkinci dəfə ümummilli birliyin, həmrəyliyin rəmzi olan 31 dekabrı qalib Azərbaycanın vətəndaşları olaraq qeyd edirik. Bu əlamətdar bayram günü ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız Yeni ili böyük ruh yüksəkliyi ilə qarşılamağa hazırlaşır, xoş duyğular keçirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edirik, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, qazilərimizi, hazırda azad edilmiş ərazilərimizdə xidmətdə olan hərbçilərimizi bir daha ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətəninin keşiyində ayıq-sayıq durmağı və bütün dünya azərbaycanlılarına yeni-yeni uğurlar arzulayırıq.
Bayramınız mübarək!
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri