«Vətən müharibəsində qazandığımız böyük Zəfərdən sonra yaranan yeni reallıqda Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması ən mühüm vəzifələrdən biridir. Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması üzvlərinin bir qrupu ilə keçirdiyi görüşdə bildirib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən «Azərbaycan Qaçqınlar Cəmiyyəti» İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilib və artıq, rəsmən «Qərbi Azərbaycan İcması» adlanır. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Demək olar ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. Dövlət başçısı «Qərbi Azərbaycan İcması» ilə görüş zamanı bildirib ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün əziz Şuşaya necə qayıtdısa, bir gün gələcək burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar.
K.Bayramov diqqətə çatdırıb ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Xalqımız əsrlər boyu öz tarixi torpaqlarında yaşamaq üçün böyük çətinliklərdən keçməsinə baxmayaraq zaman-zaman doğma torpaqlarından məhrum edilmişdir. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Bu, əsasən Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Sovet hökumətinin dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı cinayətlərinin ardı-arası kəsilmirdi. XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm də onların sovet hökumətindəki havadarları 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq oldular. Beləliklə, bütün azərbaycanlılar Qərbi Azərbaycandan zor gücü ilə çıxarıldılar. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır.
Deputat əlavə edib ki, azərbaycanlıların Qərbi Azərbaycandan sıxışdırılıb çıxarılması 220 il ərzində davam edib. Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Dövlətimizin başçısı bildirib ki, azərbaycanlılar tarixi torpaqlarını unutmamalıdır: «Bu da, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»
Sonda, dövlət başçımız, məhz, bu məsələləri həmvətənlərimizin və Qərbi Azərbaycan İcmasının qarşısında vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər əhəmiyyətli olduğunu əsaslandırdı,-deyən K.Bayramov əminliyini bildirdi ki, təkcə Qərbi Azərbaycan İcması deyil, bütün ölkə ictimaiyyəti, xüsuslilə də, ziyalılar cənab prezidentin qarşıya qoyduğu bu vəzifənin həlli istiqamətində aparılan işləri bu gündən sonra daha da sürətləndirəcək və hər kəs ədalətin bərqərar olunması üçün əlindən gələni əsirgəməyəcək .