26 dekabr 2022 15:54
443

Azərbaycanla Serbiya arasındakı iqtisadi -ticari əlaqələr genişlənir 

Serbiyanın Prezidenti Aleksandar Vuçiçin bu günlərdə ölkəmizə işgüzar səfəri hər iki dövlətin əməkdaşlıq prinsiplərinə sadiqlik nümunəsidir. Görüş çərçivəsində mətbuata bəyanatlarında müstəqil siyasət aparan hər iki ölkə arasında möhkəmlənən münasibətlər yüksək dəyərləndirilib, perspektivlərlə bağlı açıqlamalar verilib. Bildirilib ki, Serbiya ilə Azərbaycanın strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək mühüm sənədlərin imzalanması, münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi əlaqələri daha da gücləndirəcək. «Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır» söyləməklə energetika sahəsində həlli vacib məsələlərdən söz açan Prezident İlham Əliyev müxtəlif istiqamətlər üzrə ixrac edilən Azərbaycanın təbii resurslarının Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə nəqli ilə bağlı görüləcək işləri də diqqətə çatdırılıb. Vurğulanıb ki, təbii qaz, elektrik enerjisi ilə əlaqədar iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. 2023-cü ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.

Ötən ay baş tutan Buxarest səfərini xatırladan Prezident İlham Əliyev Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in Avropa ölkələrinin enerji ilə təchizatında mühüm addım olduğunu «Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik» sözləri ilə diqqətə çatdırıb.

Serbiya rəhbəri Aleksandar Vuçiçin bəyanatında səslənən ölkəmizlə bağlı xoş sözlər ölkə iqtisadiyyatının inkişafının göstəricisi, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi kimi qürurverici idi. «Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir…Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq.»
 Bir sözlə, Müzakirə olunan əməkdaşlıq formatlarının əhəmiyyətindən bəhs edən serbiyalı Prezidentin «Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək» sözlərində isə Azərbaycanın müstəqilliyinə hörmət və ehtiram, dostluq prinsiplərinə sadiqlik duyğuları ifadə olunub.
Dünyada yaranan enerji böhranından çıxış yollarını müəyyənləşdirən Avropa dövlətləri kimi, Serbiyada görülən işlərdən danışan Aleksandar Vuçiç bildirib ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisindən bəhrələnməkdə maraqlıyıq. Artıq Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa olunacaq interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları müzakirə edilir.

Bu görüşlərdə maraq doğuran amillərdən biri də müdafiə sənayesinin inkişafı üçün zəngin potensiala malik hər iki ölkə mütəxəssislərinin birgə fəaliyyəti ilə bağlı praktiki addımların müzakirəsi olub.Əməkdaşlığın vacib amillərindən olan müdafiə sənayesində texnologiya mübadiləsi, üçüncü ölkələrin bazarlarına birlikdə çıxarılacaq bəzi məhsullar üzərində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub. Bunun üçün serbiyalı və azərbaycanlı mütəxəssislərin birgə fəaliyyəti üçün əlverişli imkanların səmərəli olacağı vurğulanıb.

Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri