27 dekabr 2022 00:57
678

Radikal-şovinizmin Y.Satanovski nümunəsi…

Ölkəmizin vətəndaş cəmiyyətinin, ekoloqlarının və gənc fəalların Şuşa-Laçın yolunda Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, həmçinin ekoloji vəziyyətlə bağlı ilkin monitorinq məqsədilə respublikamızın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə qarşı etiraz aksiyası davam edir. Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması da aksiyaçıların tələblərinin sırasında yer alır.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Fasiləsiz dinc aksiyanın iştirakçılarının Laçın və Xankəndi istiqamətində əllərində Azərbaycan bayrağı və üzərində müxtəlif şüarların yazıldığı plakatlarla etiraz səsləri daha da ucalır. Xüsusilə gənc fəallar Azərbaycan, rus və ingilis dillərində dayanmadan səsləndirdikləri şüarlarla ekoloji terrorun dayandırılmasını tələb edirlər. Onlar müxtəlif dillərdə şüarlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini Qarabağda təhlükəli ekoloji vəziyyətə yönəltməyə çalışırlar.

Rusiya sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirildiyi ərazidə azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası saxta xəbərlər yaymaqda davam edir.

Yeri gəlmişkən, dinc aksiyalar haqqında erməni lobbisinə yaxınlığı ilə tanınan, şovinist əhval-ruhiyyəli bəzi rusiyalı ekspertlər, politoloq və iqtisadçılar da səslərini ucaltmağa başlayıblar. Bunların arasında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin sabiq aparıcı eksperti Mixail Aleksandrovun, Konstantin Zatulinin və “Yaxın Şərq İnstitutu” qeyri-hökumət təşkilatının rəhbəri, iqtisad elmləri namizədi, “siyasi şərhçi” kimi təqdim edilən Yevgeni Satanovskinin-Şeytanovskinin (satana tərcümədə şeytan, iblis deməkdir) son zamanlar anti-Azərbaycan çıxışları diqqəti daha çox cəlb edir. Bu günlərdə Y. Satanovskinin dinc aksiya iştirakçıları barədə dedikləri isə əsl şovinizm və ifrat erməni təəssübkeşliyinin nümunəsidir.

Ruhunu iblisə təslim edən, qəlbinin qapılarını şeytana açan bu satana bildirir ki, aksiyaçılardan bəziləri boz qurd işarəsi göstərdiyi üçün sülhməramlılar onlara atəş açmalı idilər: “Mən yola əllərində meqafonlar tutmuş bir dəstə insanın çıxmasından bəhs edirəm. Orada ilkin olaraq Türkiyə təşkilatı olan, indisə Azərbaycanda da bölmələri fəaliyyət göstərən aqressiv nasist təşkilatı “Boz Qurdlar”dan danışıram. O adamlar niyə “boz qurd” nişanları göstərdilər - bilmirəm. Görünür, həmin radikal təşkilatın o aksiyaya birbaşa dəxli var. Sülhməramlılara hücum olanda isə onlar aksiya iştirakçılarına atəş açmalı, kütləni qısa məsafədən atəşlərlə dağıtmalı idilər. Bu, mənim mövqeyimdir”.

Əvvəla, bu Satanovskiyə-Şeytanovskiyə xatırlatmaq lazımdır ki, “Boz qurd”un terrorla heç bir əlaqəsi yoxdur. Bu qədim türk mifologiyasına görə Boz qurd müqəddəs heyvandır. Bu Satanovski-şeytanovski (satana tərcümədə şeytan, iblis deməkdir) əgər o, kadrlara yaxşı diqqət etsə sülhməramlı əsgərlərdən birinin də Boz qurd işarəsi göstərdiyini kor olmuş gözləri ilə görər.

Mənəvi-əxlaqi keyfiyyətləri plindusdan da aşağı olan, millətçiliyin ifrat, mürtəce formasına- şovinizm xəstəliyinə mübtəla olmuş bu başabəla “siyasi şərhçi”nin 2016-cı il aprelin əvvəllərində şanlı ordumuzun erməni təxribatlarına qarşı cəbhə xəttində həyata keçirdiyi 4 günlük uğurlu hərbi əməliyyatlar zamanı Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətini və qara-qışqırığını hamımız yaxşı xatırlayırıq. Siyasi hoqqabazlığı ilə bütün MDB məkanında yaxşı tanınan, daha doğrusu, nifrət qazanan, ara-sıra qardaş Türkiyə əleyhinə açıqlamaları ilə gündəmə gələn bu idiot dinc aksiyalarla bağlı açıqlamasına davam edərək deyir: “Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqudan soruşacağam. Bizdə İctimai Şura var. Deyəcəyəm ki, efirdə Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin (RSK) müdafiəsinə çıxış etmək məni Müdafiə Nazirliyinin İctimai Şurasından kənarlaşdırmaq üçün yetərli əsasdırmı? Nədənsə mənə belə gəlir ki, Sergey Kujeqetoviç çox təəccüblənəcək”.

Nəhayət, qatı millətçi, siyasi təlxək, radikal-şovinizmin tipik nümunəsi olan açıqlamaları ilə ürək bulandıran Y.Satanovski-şeytanovski kimilər bilməlidirlər ki, Şuşa-Xankəndi yolundakı etrirazçıların əsas tələbləri yerinə yetirilməyincə aksiyalar davam edəcək. Burada qeyri-adi heç nə yoxdur. Çünki ətraf mühitin qorunması ilə bağlı Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası beynəlxalq konvensiyalara və Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə uyğundur. Ona görə də Y.Satonovskinin-şeytanovskinin dedikləri  aksiya iştirakçılarına “vız” gəlir…

Zahid Rza, “İki sahil”