26 dekabr 2022 14:52
512

Azərbaycan və Serbiya hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində respublikamızın aparıcı rola malik olmağı üçün şərait yaradır. Bu çərçivədə Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərdən biri də Serbiyadır. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Ona görə də bu sahədə əməkdaşlığın əhatə dairəsi hər keçən gün daha da genişlənir. Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair artıq bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz arasında münasibətlərin  daha da möhkəmləndiyini göstərən amillərdən biri də budur ki, Azərbaycan və Serbiya hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Hər iki dövlətin xarici siyasətinin əsas prioritetlərindən biri bundan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır və bu sahədə dünyada müşahidə olunan ikili standartlar siyasətinin təzahürləri hər iki ölkəni çox narahat edir.

Ötən ay Azərbaycan Prezidenti  İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, eləcə də dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri bunu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr məhz dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri əsasında formalaşır və inkişaf edir. Azərbaycan və Serbiya Prezidentlərinin təkbətək görüşündən sonra dövlət başçıları bəyanatlarla çıxış ediblər.  Prezident  İlham Əliyev öz çıxışında qeyd edib ki,  Serbiya və Azərbaycan öz resurslarına arxalanan və müstəqil siyasət aparan ölkələrdir.   Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

Bununla yanaşı qeyd olunmalıdır ki, ölkələrimiz arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biri də müdafiə sənayesi sahəsidir və bu, olduqca önəmli bir məqamdır. Son bir ay ərzində Azərbaycan və serbiya dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, mətbuata verdikləri açıqlamalar göstərir ki, bu sahə üzrə razılaşmalar hər iki dövlətin mənafeyinə uyğundur. Bu sahədə hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılacağı gözlənilir. Bəli bu gün Azərbaycanın balanslı xarici siyasət kursu ölkəmizlə dünya dövlətləri arasında səmimi, bərabərhüquqlu, qarşılıqlı maraqlara xidmət edən münasibətlər üçün zəmin yaradıb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu xarici siyasət kursu sayəsində Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq tanınır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri