26 dekabr 2022 11:10
459

Serbiya və Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir

Məlum olduğu kimi  dekabrın 21-də  Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşü keçirilib və  mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycan və Serbiya prezidentlərinin bəyanatlarına diqqət yetirsək, ümumiləşdirilmiş məntiqi fikir hər iki ölkə arasında bir çox sahələr üzrə sıx əməkdaşlığın qurulmasını və bunun  nəticəsində ölkələrarası dinamikanın müsbət inkişafa doğru irəlilədiyini göstərir.

"Azərbaycanı - Serbiyaya, Serbiyanı - Azərbaycana qarşı döndərmək mümkün deyil”. Bu ifadəni Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 21- də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda söyləmişdir.

Həqiqətən də hər iki ölkə arasında əlaqələrin dinamikası çox müsbətdir. Cənab prezident İlham Əliyevin görüş zamanı öz bəyanatında "Həm Serbiya, həm də Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir"  deməsi bunu bir daha təsdiq edir.

Bu gün əminliklə qeyd etmək olar ki, Azərbaycan- Serbiya əlaqələri ildən-ilə uğurla inkişaf edir. Qarşılıqlı hörmət, strateji tərəfdaşlıq və dostluq prinsiplərinə söykənən münasibətin qurulması, bir humanist dövlət kimi  Azərbaycan Serbiyanın, Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və eyni zamanda sərhədlərinin toxunulmazlığını dəstəkləməsi hər iki ölkə arasında əhəmiyyətli məsələlərin həllində böyük rol oynayır. 2013 – cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyənnamə, 2018-ci ildə isə hər iki ölkə arasında tərəfdaşlıq üzrə imzalanan Birgə Fəaliyyət Planı bunu bir daha sübut edir.

 “Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibət ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi  çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Ölkə başçısının öz bəyanatında bu fikirləri səsləndirməsi onu göstərir ki, Azərbaycan – Serbiya ikili standartlara qarşı çıxaraq dövlətlərarası əlaqə və münasibətlərini beynəlxalq hüququn prinsipləri əsasında qurur.

Bu gün qətiyyətli şəkildə vurğulamaq olar ki, Azərbaycan  respublikası öz   dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri ilə inkişafyönümlü əlaqələrin qurulmasına xüsusi önəm verir. Beləki, müxtəlif regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq ölkəmizin xarici siyasət kursunun əsas isiqamətlərindən biridir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, son illərdə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycan xarici siyasətinin  ən vacib inkişafyönümlü fəaliyyət istiqamətlərindən biridir. Serbiya  - Azərbaycan arasında iqtisadi, ticarət, sənaye əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, enerji,  investisiya, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin gücləndirilməsi hər iki dövlətin böyük potensiala malik olduğunu, uzaqgörən, qətiyyətli, müdrik lider tərəfindən idarə olunduğunu göstərir. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının mütəmadi görüşləri təkan verir və strateji tərəfdaşlıq zəmnində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir, ikitərəfli əməkdaşlığın qurulmasına yeni işıqlı yollar açır.

Eyni zamanda görüş zamanı hər iki ölkə prezidenti arasında Müdafiə sənayesi və texnologiya mübadiləsinin aparılması  haqqında danışıqların aparılması gələcəkdə hər iki ölkənin və dinc əhalinin təhlükəsizliyinin  təmin olunmasına, ərazi bütövlüyünün qorunmasına zəmin yaradır.

Bu gün ölkələr arasında gedən iqtisadi əməkdaşlığın bir qolu olan Azərbaycanda  Serbiya, Serbiyada Azərbaycan şirkətlərinin və beynəlxalq təşkilatların uğurla fəaliyyət göstərməsinin izləri cəmi  44 gün davam edən İkinci Qarabağ Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində rəşadətli Azərbaycan Ordumuz tərəfindən işğaldan azad edilmiş Qarabağ torpaqlarında özünü göstərir. Çünki artıq həmin ərazilərdə ölkə başçısının məqsədyönlü siyasəti ilə sürətlə davam edən genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu prosesə fəal şəkildə qatılmaq imkanına malikdir.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan-Serbiya münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Leyla İsmayılova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin Tərbiyə işləri üzrə direktor müavini