Məlum olduğu kimi, Serbiya prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfər etdi. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşləri keçirilib, mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş məntiqi ondan ibarətdir ki, Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub. Eyni zamanda, iki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının böyük tarixi var və sirr deyil ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar.
Serbiya Prezidenti Aleksandar Vuçiç, Azərbaycan respublikası Prezidenti cənab İlham Əliyev ilə görüşdə “Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq”-sözləri ilə nitqinə başladı. Prezident Aleksandar Vuçiç bildirdi ki, mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident İlham Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırşlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir.
Azərbaycan Prezidenti də öz növbəsində həm Serbiya, həm Azərbaycanın öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələr olduğunu önə çəkərək bütün bu parametrlərin gələcək əməkdaşlıq üçün zəmin yaradan amillər olduğunu təsadüfən qeyd etmədi. İki ölkə arasındakı əlaqələrin dinamikasının çox müsbət olduğundan məmnunluğunu dilə gətirən dövlətimizin başçısı bir ay öncə Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulamaqla yanaşı, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlərin verildiyini xatırlatdı. Eyni zamanda ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözlədiyini vurğuladı. Əminliklə bildirildi ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.
Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq