26 dekabr 2022 11:49
434

Müstəqil siyasət suverenliyin təminatıdır

Azərbaycan müstəqillik illərində həm dünyanın əksər ölkələri ilə, həm də beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub. Bu gün Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz Avropaya inteqrasiya istiqamətində çox uğurlu addımlar atıb, demokratik dəyərlərin tətbiqi sahəsində nailiyyətlər qazanıb. Azərbaycan parlamentinin üzvləri Avropa Şurası Parlament Assambleyasının işində fəal iştirak edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol əvəzsizdir. Ölkəmiz müstəqil siyasət yürüdərək BMT  çərçivəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirir. 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək Təşkilatla münasibətini möhkəmləndirmiş , pandemiya dövründə bu münasibət daha da dərinləşmişdir.

Azərbaycan əməkdaşlığa açıq ölkədir. Müstəqil xarici siyasəti suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda məsələ daha da aktuallaşır. Xarici siyasət sayəsində həm xarici mühit formalaşıb, həm də milli maraqlara uyğun bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ölkəmizi unikal əməkdaşlıq, dostluq dövlətinə çevirib. Prezident İ.Əliyevin beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur, ölkənin uzun müddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.

Prezident İlham Əliyevin  hər çıxışında ölkəmizin seçdiyi yola sadiqliyi , dəyişməz siyasi iradəsi; beynəlxalq hüquq və normalara əsaslanan tərəfdaşlığı, etibarlılığı onunla əməkdaşlığa marağı artırır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər, bölgədə yaranan yeni reallıq, yürüdülən düzgün xarici və daxili siyasət dünya güclərinin zaman keçdikcə diqqətini daha da cəlb edir.

Dövlətimizin 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatındakı liderliyi bunun bariz nümunəsidir.  Eyni zamanda, İslam əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı ilə ölkəmizin əməkdaşlığı Prezident İ.Əliyevin  uğurlu siyasətinin nəticəsidir.

Dövlət başçımız bütün çıxışlarında, mötəbər kürsülərdə hər zaman ölkəmizin əməkdaşlığa, qarşılıqlı münasibətlərə, qonşularla sülh və əmin amanlıq içində yaşama önəm verdiyini dönə-dönə vurğulayır. Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq əlaqələri, nüfuzu daha da artacaq, ölkəmizlə əməkdaşlıq etməyə can atan dövlətlərin sayı çoxalacaq.

Fəridə Şərifova,
Bakı şəhəri, 25 saylı məktəbin direktoru