Azərbaycan Respublikası müstəqil dövlət olaraq onun ərazisində yaşayan millətlərin tarixi birliyinin təcəssümüdür. Bizim dövlətimiz milli prioritetlərin formalaşması istiqamətində uzun və möhtəşəm tarixi yol keçmişdir.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqının çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoruyan Ulu Öndər Heydər Əliyev kimi dahi siyasətçiyə ehtiyac duyulurdu. Dahi lider xalqını ağır vəziyyətdə qoymayıb onun köməyinə çatdı.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi.
Digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizin qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
İndiki tarixi mərhələdə hər bir siyasi liderin fəaliyyətini bütün dünya izləyə bilir. İnformasiya-kommunikasiya vasitələri elə inkişaf edib ki, dövlətə başçılıq edən şəxsin gördüyü işlər sürətlə hər yerə yayılır. Bu, bir tərəfdən, liderlərin göz önündə olmasını təmin edir. Digər tərəfdən, hər bir siyasətçinin fəaliyyətinə dünya miqyasında qiymət vermək işini asanlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hamısı Azərbaycan Prezidenti İlham Əliyevdən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs ediblər.
Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir. Həm də bu hörmətin arxasında Prezident İlham Əliyevin gərgin zəhmətinin, yüksək ailə, siyasətçi tərbiyəsinin, Vətənə böyük sevgisinin dayandığını anlamaq gərəkdir. Belə qiymətlər heç zaman asan verilmir – onu qazanmaq lazımdır, konkret əməldə layiq olduğunu göstərmək gərəkdir. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda heç bir siyasi lider barəsində bu cür fikirlər bildirmirlər. Bunlar Prezident İlham Əliyevin siyasətçi, lider və şəxsiyyət kimi dərindən öyrənilməsinə böyük ehtiyac duyulduğunu göstərir.
Burada bir vacib məqamı vurğulamaq gərəkdir. Ulu öndər Heydər Əliyevin İlham Əliyev kimi liderin yetişməsində zəhməti və xidməti olduqca böyükdür. Ümummilli liderin fəaliyyətinə yaxından bələd olması ilə bərabər, onun təcrübəsini də tam əxz edib, praktiki fəaliyyətdə tətbiq etmək, əlbəttə, insanın özündən yüksək bacarıq tələb edir. Bununla yanaşı, Heydər Əliyevin yeni siyasi lider yetişdirmək qabiliyyətinin çox yüksək səviyyədə olduğunu etiraf etmək gərəkdir. Bütün bunlara görədir ki, Heydər Əliyev məktəbini keçmiş bir Prezidentin, siyasi liderin və şəxsiyyətin müstəqil dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər təsadüf sayıla bilməz. Cənab İlham Əliyev uğurlu siyasi varisliyin ən gözəl nümunəsidir!
Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib.
Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür.
XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib. Bu dəyişikliklər sırasında ən mühümü vətəndaş cəmiyyətinin inkişafında əsas amilə çevrilən insan kapitalıdır. Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, insan kapitalıdır. İnnovasiyalı, sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə mühüm önəm daşıyır. Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas mahiyyəti də bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”.
Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühiti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı. 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa tarixi bir müraciət etdi. O, bir daha vurğuladı ki, xalqımız mənə inanırdı, ona görə də dəfələrlə demişdim ki, nəyi necə və nə vaxt eləməyin məqamını mən yaxşı bilirəm. Xalqın bu inamına arxalanaraq Ali Baş Komandan kimi ölkə başçısı İlham Əliyev həmin günün gəlib çatdığını bəyan etdi və möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.
Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı