25 dekabr 2022 22:05
588

Serbiya Azərbaycanla dostluq və müttəfiqlik əlaqələri olan Avropa dövlətlərindən biridir

Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət, həyata keçirdiyi beynəlxalq iqtisadi layihələr nəticəsində bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında sıx dostluq əlaqələri yaranmış, strateji müttəfiqlik müqavilələri imzalanmışdır. Azərbaycanın bir sıra Avropa dövlətlərinə qaz ixracı ilə yanaşı, elektrik enerjisi də ixrac etməsi bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan istehsalı olan bərpa olunan elektrik enerjisinin Qara dənizin dibi vasitəsilə Avropaya ixrac edilməsi üçün çoxtərəfli müqavilələr də imzalanmışdır.

Azərbaycanla dostluq və müttəfiqlik əlaqələri olan Avropa dövlətlərindən biri də Serbiya Respublikasıdır. Ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri və dekabr ayının 21-də Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, siyasi əlaqələrin dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev dekabrın 21-də Serbiya Prezidenti ilə təkbətək görüşdən sonra mətbuata iki ölkə arasındakı siyasi- iqtisadi əlaqələr barədə bəyanatla  çıxış edib.

Serbiya ilə Azərbaycan strateji tərəfdaş dövlətlərdir və bu sahədə bir çox mühüm sənədlər imzalanmışdır. Hər iki dövlət hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Təəssüflər olsun ki, bu gün dünyada beynəlxalq hüququn normaları pozulur və hələ də ikili standartlar mövcuddur. Həm Azərbaycan, həm də Serbiya bu ikili standartlardan əziyyət çəkmiş dövlətlərdir.

Həm Serbiyada, həm də Azərbaycanda ikitərəfli müqavilələrin imzalanmasından sonra dövlətlər arasında ticarət dövriyyəsi sürətli şəkildə artacaq. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də imzalanmış müqavilələr mühüm əhəmiyyət kəsb edir.  Azərbaycan və Serbiya dövlətlərinin müvafiq qurumları arasında bu sahədə təmaslar da yaradılmışdır.

Bu gün Azərbaycan Serbiya ilə qonşu olan bir neçə Avropa ölkəsinə təbii qaz və elektrik enerjisi ixrac edir. Gələn ildən Azərbaycanın təbii qazının və elektrik enerjisinin Serbiya Respublikadına ixrac edilməsi haqqında razılığa gəlinib. Həmçinin Azərbaycanla Serbiya arasında müdafiə sənayesi sahəsində də birgə əməkdaşlığın yaradılması prespektivləri müzakirə olundu və gələcəkdə bu istiqamətdə müsbət addımların atılması gözlənilir. Bu gün Azərbaycanla Serbiya arasında münasibətlər möhkəm dostluq, qardaşlıq təməli üzərində qurulmuşdur.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor