25 dekabr 2022 19:17
770

Azərbaycan-Serbiya: Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

2022-ci il dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Təkbətək görüş başa çatdıqdan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.

Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında çoxsaylı sənədlər imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Serbiyanın Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyi qeyd olunub.

Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın xarici ticarət tərəfdaşlarından biri olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.

Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər.

Bu il oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib: “... Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.

Hazırda inşası davam edən Bolqarıstan-Serbiya İnterkonnektoru istismara verildikdən sonra Azərbaycan qazının Serbiyaya nəql edilməsi mümkün ola bilər. İki ölkə mədəniyyət sahəsində də sıx əlaqələrə malikdir. 2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində “Serb dili və Mədəniyyəti Mərkəzi” açılıb.

2020-ci ilin mayında Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Hökuməti adından COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Serbiya Respublikasına 400 min manat dəyərində humanitar yardım göndərilib.

Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı Serbiyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında 223-cü Azərbaycan diviziyası da iştirak edib və “Belqrad” adını alıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri