24 dekabr 2022 16:35
644

Şoyqudan Lavrova qədər...

Rusiya XİN Lavrovun Ceyhun Bayramovla görüşü Prezident İlham Əliyevin bu il noyabrın 17-də Bakıda "Şərq Tərəfdaşlığının" nümayəndə heyətini qəbul edərkən hazırda Xankəndidə "meydan sulamaq" istəyən Rusiya milyarderi Vardanyan barədə dediyi sözləri bir daha xatırlamağıma səbəb oldu.

Lavrov dedi ki, Vardanyanın "Arsaxa" gedib fəaliyyət göstərməsi qərarının Rusiya ilə heç bir bağlılığı yoxdur. Burada Lavrovun Azərbaycanın rəsmi Qarabağ iqtisadi zonasını qanunsuz olaraq "Arsax" adlandırmasını sadəcə xatırlatmaqla mövzuya qayıdıram. Bizim Prezident isə 17 noyabrda demişdi ki, Qarabağ ermənilərinə aid məsələni ancaq onların özləri ilə müzakirə edərik, rus xalqının milyardlarını cibinə doldurub Moskvadan aydın gündəliklə göndərilmiş Vardanyan kimi biri ilə yox..! Bizim Prezidentin bu mesajında bir neçə kəskin nüans olduğu üçün Moskvadan hansısa reaksiyanın veriləcəyi gözlənilirdi. Prezidentin mesajında Vardanyanın oğru və korrupsioner olması, onun varlığının Qarabağda vəziyyəti daha da kəskinləşdirməsi, Kremldə hansısa qrupun oğru -korrupsionerlə çirkli siyasi sövdəyə getməsi kimi əslində ittihamedici nüanslar var.

Məntiqlə yanaşsaq, Lavrovun bəyanatını İlham Əliyevin kəskin mesajı qarşısında bəraət almaq cəhdi kimi dəyərləndirmək olar. Ancaq bəraət cəhdinın natamamlığı tam olaraq göz qabağındadır. Necə yəni, Rusiyaya heç bir bağlılığı yoxdur? Yaxşı, Vardanyanın Moskvadan durub Xankəndiyə gəlməsi tutaq ki, onun şəxsi məsələsi sayıla bilər və Rusiya buna qarışmaya bilər. Bəs Vardanyanın Qarabağda separatçı siyasi hakimiyyəti ələ keçirməsinə Rusiyanın belə "təmkinli" və məmnun görünməsinə nə deyirsiz? Bunun Rusiya ilə bağlılığı necə olmaya bilər?!.. Rusiya Azərbaycanı parça-parça özünə birləşdirmək siyasətinə 1805-ci il Kürəkçay müqaviləsindən başlamadı? 225 ildir Qarabağı əlində saxlamaq üçün bəzən qanlı, bəzən "ətir qoxulu" çabalar göstərən Rusiya indi onu hansı məntiqlə Vardanyanın ixtiyarına buraxır?!.. Məntiq yoxdur...

Lavrovun arqumentsiz bəraətlənmək cəhdi Vardanyanın Moskvadan Xankəndiyə xüsusi gündəliklə gəldiyinə dair bizim Prezidentin mülahizəsini qəti şəkildə təsdiqlədi... Biz onsuz da şübhə etmirdik, İlham Əliyevin dediyi belə fikirlərin hansı özünü doğrultmayıb ki?!.. Lavrov ancaq şübhəsi olanlara həqiqəti təsdiqlədi...

Vətən müharibəsi ərəfəsində də belə olmuşdu. İlham Əliyev Rusiyanın Ermənistana 500 tondan çox silah-sursat yardımı etdiyini demiş və rəsmi izah istəmişdi. Müdafiə naziri Şoyqunun nümayəndəsi o zaman Bakıya gəldi və eynilə bu gün Lavrovun etdiyinə oxşar natamam və kimsənin inanmadığı bir cavab verib getdi. Dedi ki, Ermənistandakı 102-ci bazamıza tikinti materialları(?) daşıyırıq...

Sonra isə bizim Prezident 44 günün böyük ZƏFƏRi kimi tarixi faktı yaratdı...

Biz öz ZƏFƏRİMİZLƏ qaldıq, rus nazirlər öz yalanları ilə...

Aydın Quliyev