23 dekabr 2022 23:06
1017

Yeni mərhələdə mütərəqqi dəyişikliklərə doğru - Naxçıvan

“İslahatlar yeniləşmə, yeni yanaşma deməkdir. Biz islahatları aparmaqla ölkəmizi gücləndiririk, ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi isə islahatlarsız mümkün deyildir”- deyən Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Məhz bunun sayəsində son illərdə ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib. Birmənalı demək olar ki, ölkə başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan islahatlar kursunun tərkib hissəsi olan korrupsiyaya, cinayətkarlığa, habelə məmur özbaşınalığına qarşı mübarizə artıq öz bəhrəsini verməkdədir.

Təbii ki, respublikamızda dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət idarəetmə sistemində davamlı islahatların həyata keçirilməsi bu sahədə yeni nailiyyətlərin əldə edilməsində böyük rol oynayır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 22-də imzaladığı Fərmana əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi bunun əyani təsdiqidir. Ölkə başçısının digər bir Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Sərəncama əsasən, səlahiyyətli nümayəndə Naxçıvanda Prezidenti təmsil edən vəzifəli şəxs olacaq və dövlət başçısının müəyyən etdiyi səlahiyyətləri icra edəcək. Bundan sonra mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər.

Təbii ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi  effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşlarla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

Dekabrın 22-də dövlət başçısı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlar verib. Dövlət başçısı bildirib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini səfərbər etməlidir. Fuad Nəcəfli Prezidenti əmin edib ki, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.

Bu, bir gerçəklikdir ki, respublikamızın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib.  Bu gün Naxçıvandakı quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Həmçinin Naxçıvanda 100 faiz səviyyəsində qazlaşdırma təmin edilib, enerji təchizatı, müasir yollar inşa olunub, yüzlərlə səhiyyə və təhsil ocaqları inşa olunub, yeni iş yerləri yaradılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılır. Bütün bunlar ölkə başçısının bu diyara diqqət və qayğısının bariz nümunəsidir.

Çox təəssüf ki, bəzi məmurlar ölkə başçısının etimadından istifadə edərək öz çirkin əməlləri ilə Naxçıvanda görülən genişmiqyaslı işlərə kölgə salıblar. Şübhəsiz, bu məsələlərdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər isə sərt cəzalandırılacaqlar. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçisi olmalı, əhalinin qayğısına qalmalıdırlar: “Mənim məmurlardan tələbim çox sadədir. Xalqın xidmətçisi olmaq, insanlara hörmətlə yanaşmaq və öz işləri ilə nümunə olmaq, onların haqqına girməmək və qanunun tələblərini rəhbər tutmaq. Bunu edə bilməyən məmurlar özlərini və ailələrini zərbə altında qoymasınlar. Onlara qarşı cox ciddi tədbir görüləcəkdir”.

Təbii ki, son illər respublikamızda aparılan kadr və struktur islahatlarını, habelə korrupsiya ilə mübarizə istiqamətində atılan addımları bütün ölkə vətəndaşları kimi, naxçıvanlılar da birmənalı şəkildə təqdir edir. İnsanlar Prezidentimizin və xalqın etimadını doğrultmayan, öz işinin öhdəsindən gələ bilməyən kadrların vəzifələrdən kənarlaşdırılması, onların yerinə səriştəli, rüşvət və korrupsiyaya bulaşmayan şəxslərin təyin edilməsini alqışalayır və ölkə başçısının siyasətini birmənalı dəstəkləyirlər.

Zahid Rza, “İki sahil”