24 dekabr 2022 03:57
568

Serbiya Azərbaycanın strateji tərəfdaşıdır

Azərbaycan dövlətinin beynəlxalq nüfuzu gücləndikcə onun dostlarının və tərəfdaşlarının sayı da davamlı olaraq artır. Belə dost və tərəfdaşlarımızdan biri də Balkanlarda əhəmiyyətli statusa malik olan  Serbiyadır. Son bir neçə ildə bu ölkə ilə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın əsası qoyulub. 

Təbii ki, bu məsələdə dövlət başçılarının səmimi dostluqları və iki xalq arasındakı qarşılıqlı isti münasibətləri də mühüm rol oynayır. 

Ötən ay Prezident İlham Əliyevin Belqrada, dekabrın 21-də isə  Serbiya Prezidenti Aleksandar Vuçiçin Bakıya işgüzar səfərləri  bir daha iki dövlət arasındakı yüksək siyasi- iqtisadi əlaqələrin mövcudluğunun  göstəricisidir. Bu ölkələrin münasibətlərində önəmli məqamlar ondan ibarətdir ki, hər iki tərəf konstruktiv əməkdaşlıq niyyətindədir və milli maraqlara qarşılıqlı hörmətlə yanaşır. Təsadüfi deyil ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində qlobal əhəmiyyətli məsələlərdə bir-birilərinin mövqelərini müdafiə edirlər.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərə dair önəmli qanunvericilik bazası da mövcuddur. Bunların arasında əlaqələri strateji səviyyəyə çatdıran sənədlər xüsusilə qeyd edilməlidir. Belə ki, hələ 2018-ci ilin may ayında Prezident Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfəri zamanı «Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı» imzalanmışdı.

Ötən ay Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı dövlət başçıları «Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu» imzaladılar. Dekabrın 21-də hər iki dövlət başçısı mətbuata bəyanatlarında əməkdaşlığın davamlı olacağını  bildirdilər.  Prezident İlham Əliyev bu bərədə dedi: «Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.»

Bu bir həqiqətdir ki, bu gün Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensial mövcuddur.  Belə ki, ötən illərdə iki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edib. Hətta Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak ediblər. Lakin bütün bunlar mövcud potensialı tam əks etdirmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əldə edilmiş razılaşmaların icrası nəticəsində gələcəkdə ticarət dövriyyəsinin daha iri həcmdə artması nəzərdə tutulub.

Azərbaycanla Serbiya arasında tərəfdaşlığın daha bir istiqamətini enerji sahəsində əməkdaşlıq təşkil edir. Bu məsələ ölkəmizin başçısının noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı da müzakirə edilmişdi. Yəni,  neft və qazla bərabər, tezliklə Azərbaycandan Avropaya elektrik enerjisi də idxal olunacaq. İxrac edəcəyimiz ölkələrdən biri və mühümü isə Serbiyadır. Bundan başqa, müdafiə sənayesi istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Xüsusilə hər iki ölkənin silahlı qüvvələri silah-sursat təchizatında istehsal etdikləri məhsulların mübadiləsini də həyata keçirəcəklər.  

Səfər zamanı diqqətçəkən və ölkəmiz üçün qürurverici məqamlardan biri də Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevin siyasi fəaliyyəti və beynəlxalq nüfuzu barədə söylədikləri oldu.  O, Azərbaycan xalqının və Prezidentinin səmimi dostu olduğunu bildirərək dedi: « Mən bu səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm.»

Bəli, Aleksandar Vuçiçin uğurlu Bakı səfəri bir bir daha göstərdi ki, prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq və dostluq münasibətləri mövcud qarşılıqlı əlaqələrin dərinləşməsinə yeni imkanlar yaradacaq.

Elçin Zaman, «İki sahil»