24 dekabr 2022 00:56
743

Ekofəalların aksiyası davam edir

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycanın şəhər və kəndlərində insanları dəhşətə gətirən dağıntılar ekoloji terror, təbiətə vurulan vəhşilik kimi dünya ictimaiyyətinə çatdırılıb. «Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur. Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya əməllərində iştirak edib» sözləri ilə Azərbaycanın təbii sərvətlərinin istismarı ilə yaranan mənzərəni bölgə insanları üçün həyati təhlükə adlandıran Prezident İlham Əliyev tullantılardan yararsız hala düşən Oxçuçayın timsalında təbii sərvətlərimizə vurulan ziyanı ermənilərə xas vəhşilik adlandırıb. Eyni zamanda bildirib ki, Azərbaycanın ərazilərində olan qızıl yataqlarını qanunsuz istismar edən erməni əsilli xarici vətəndaşlar əməlləri üçün cavab verəcək, təzminat ödəyəcəklər.
30 ilə yaxın Ermənistanın işğalı altında qalan Ağdərə rayonunun «Qızılbulaq» mədəni Azərbaycanın ən zəngin təbii sərvətlərə malik qızıl yatağı olub. Keçmış SSRİ məkanında həm tərkibinə, həm də böyüklüyünə görə məhşur «Qızılbulaq» kimi, Kəlbəcərin Zod, Zəngilanın «Vejnəli» yataqları da ermənilər tərəfindən vandallıqla talan edilib. İstehsal prosesi zamanı axıdılan tullantılardan sarı rəngə boyanan Oxçuçayın bu vəziyyətə düşməsinin səbəbkarı Almaniyanın «Cronimet»” şirkətinin olduğu bəllidir. Talançılığın qarşısının alınması üçün Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Almaniyanın hüquq-mühafizə orqanları hələ də bu şirkətin qanunsuz əməllərini araşdırmır. Bütün dünyada ekoloji terrora qarşı mübarizə ilə bağlı çağırışların səslənməsinə, Avropada təbiətin qorunmasına diqqətlə yanaşılmasına baxmayaraq Azərbaycanın təbii sərvətlərinin talanmasına biganəlik hələ də davam edir. Halbuki, mütəxəssislərin iqlim dəyişikliyi ilə bağlı açıqlamalarında qeyd olunur ki, havanın yarım dərəcə istiləşməsi bütün dünya, Avropa üçün böyük problem yaradan ciddi təhlükədir. Göründüyü kimi, ermənilərlə işbirliyi ilə Azərbaycanın təbii sərvətlərinin vəhşicəsinə istismarı beynəlxalq təşkilatları maraqlandırmır. Zəngilandakı «Vejnəli» qızıl yatağını ekoloji fəlakət zonasına çevirən ermənilər qanunsuz yolla çıxardıqları qızılı xaricə ölkələrə sataraq milyardlarla hesablanan sərvətə sahib olmuşlar.

«Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər» söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertlər dəvət ediləcək. Amma səbrin də sonu var.

2022-ci il dekabrın 3-də və 7-də respublikamızın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və «AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin işğaldan azad edilmiş ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında keçirilən görüşlərin məqsədi qanunsuz istismar edilən mədənlərdə, eyni zamanda, Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarının vəhşicəsinə istismarının qarşısının alınması üçün monitorinqlərin keçirilməsinə şəraitin yaradılmasıdır. Ekoloji fəlakət zonasına çevrilmiş ərazilərə yeni həyatın qaytarılması üçün bərpa quruculuq işlərinin aparılmasıdır. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinqlərin keçirilməsi hələ də baş tutmayıb.

On gündən artıqdır ki, Şuşa-Laçın-Xankəndi yolunda ekofəalların, qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən «Terrora son!» aksiyasının iştirakçıları da eyni tələblə Rusiyanın sülhməramlı kontingentinin komandanlığına müraciət ediblər. «Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!», «Azərbaycan vahiddir, sərvətinə sahibdir!», «Ekoloji cinayətə son!», «Stop ekoterror!», «Bereqite prirodu!» kimi şüarlar səsləndirən, tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini sülhməramlı kontingentin komandanlığının diqqətinə çatdıran ekofəallar hələ də tələblərinə cavab gözləyirlər. Cavab isə…!

Bu baxımdan separatçıların dinc aksiyanın yekunlaşması ilə bağlı yaydıqları məlumatların əsası yoxdur. Revanş çağırışları ilə bölgədə sabitlik yaranmasına, sülh sazişinin imzalanmasına əngəl törədən, separatçı rejimin yaratdığı qeyri-insani şəraitdən bezən Qarabağın mülki erməni əhalisi Azərbaycana müraciət edərək onlara yardım göstərilməsini xahiş edirlər. Xankəndidə peyda olan, Azərbaycanın təbii sərvətlərinin, qızıl mədənlərinin talanması hesabına miyardlar qazanan Rusiyanın missioneri Ruben Vardanyan, Araik Arutunyan kimiləri isə hələ də guya dinc aksiya iştirakçılarının Şuşa-Laçın-Xankəndi yolunu bağlamaqla insanların humanitar yardımlardan məhrum olduqları ilə bağlı xarici ölkələrə yayılan feyk informasiyalarının əsassız olduğunu sülhməramlı kontingentin əsgərləri hamıdan yaxşı görürlər.

Həqiqət budur ki, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiyaya məxsus maşınlarla ermənilərə humanitar yardım, sülhməramlılara məxsus təminat yükü aparan maşınların sərbəst hərəkətləri üçün şərait yaradılıb. Azərbaycan dövlətinin və aksiya iştirakçılarının dinc erməni əhalisi ilə heç bir problemi yoxdur və adı çəkilən yolda qarşıdurma yaradacaq hallar baş verməyib. Ekofəalların niyyətləri xalqımıza məxsus təbii sərvətlərimizin talanmasının, meşələrdə gizlənən ermənilərdən ibarət terrorçu dəstələrin silahlandırılmasının qarşısını almaqdır. Tələblərinin yerinə yetirilməsində israrlı olan ekofəallar havaların əlverişsiz keçməsinə, şaxtalı günlərə baxmayaraq əsl vətənpərvərlik göstərərək Azərbaycana məxsus təbii sərvətlərin daşınmasına yol verməyəcəklər.

Təbii ki, yaranan vəziyyət əsas missiyası Xankəndidə iğtişaş yaratmaq olan milyarder Ruben Vardanyanın məcazına uyğun deyil. Buna görə də havadarları İranın, Fransanın, Rusiyanın erməni yönümlü informasiya vasitələrindən istifadə edərək Azərbaycan əleyhinə təxribatlar aparırlar. Unudurlar ki, onların qatarı çoxdan keçib. Beynəlxalq təşkilatlar belə artıq ermənilərin yalançı, timsahın göz yaşlarına bənzəyən vay-şivənlərinə inanmırlar. Azərbaycana məxsus təbii sərvətləri sataraq milyardlar qazanan Vardanyanın əsl simasının şahidi olan dinc ermənilər artıq Rusiyanın təlimatlandırılmış təmsilçisinin saxta vədlərini eşitmək belə istəmirlər.

Xuraman İsmayılqızı, «İki sahil»