23 dekabr 2022 17:11
614

Azərbaycan –Serbiya münasibətləri yüksələn xətlə inkişaf edir

“Ölkəmiz beynəlxalq hüquq prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət yürüdərək qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış edir. Beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq ildən-ilə artır. Bu reallıqlar fonunda respublikamızın dünya ölkələri ilə geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib. Bu gün Azərbaycanla Serbiya arasında münsibətlər yüksək səviyyədədir. Hər iki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və hesab edirəm ki, bu siyasət dəyişməz olaraq da qalacaqdır.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri  Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan və Serbiya arasında əlaqələr qarşılıqlı etimada əsaslanır. Hər iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının görüşlərinin böyük əhəmiyyəti var. Belə ki,  strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Dekabrın 20-də Azərbaycana işgüzar səfərə gələn Serbiya Prezidenti Aleksandar Vuçiç deyib: «Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək. Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm.”

Deputat əlavə edib ki, Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin genişlənməsi, ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir.

K.Bayramov diqqətə çatdırıb ki, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə yeni imkanlar yaradılır. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.

 Çox qısa zaman kəsiyində sürətli və dinamik inkişaf yolu keçən Azərbaycan regionun lider, dünyanın aparıcı, söz və nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın və dünyanın enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir.