23 dekabr 2022 16:47
526

Həyata keçirilən iqtisadi islahatlar dayanaqlı inkişafa ciddi zəmin yaradıb

Bu gün ölkəmizdə iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılır və dinamik sosial-iqtisadi inkişafın möhkəm təməllərinın atılması istiqamətində əməli fəaliyyət göstərilir. Ölkədə hər tərəfli inkişafa nail olmaq üçün atılan addımlar sırasında ən mötəbəri regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul edilməsidir. Məhz bununla ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı qoyularaq regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıldı.

Ölkə başçımızın iqtisadiyyatda neftdən asılılığın azaldılması istiqamətində atdığı addımlar həqiqətən də təqdirə layiqdir. Çünki, aydındır ki, müasir dünyada heç bir ölkə heç nədən sığortalanmayıb. Buna görə də dövlətin özünü xarici risklərdən qorumaq üçün düşünülmüş strategiyası olmalıdır. Digər bir tərəfdən ölkəmizin neft və qaz kimi təbii sərvətləri olsa da bunlar tükənən sərvətlərdir və gələcəyi sadəcə bunlara güvənərək qurmaq mümkün deyil. Məhz bu səbəblərdən Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya hər mənada düşünülmüş və gələcəyə hesablanmış siyasətdir. Azərbaycanın öz işıqlı gələcəyini təmin etməsi üçün ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi neftdən gələn gəlirlər insan kapitalına çevirilməli və qeyri-neft sektorlarına yönləndirilməlidir.

Yuxarıda da qeyd etdiyimiz kimi ölkədə hər tərəfli inkişafın təmin olunması üçün Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramları müstəsna əhəmiyyət daşıyır. Qeyd edək ki, regional proqramda yol infrastruktu­runun yenidən qurulması, yeni yolların, tunel və körpülərin tikintisi mühüm yer tu­tur. Dövlət başçısının imzaladığı çoxsaylı sərəncamlara əsasən Prezidentin Ehtiyat Fondundan yolların, körpülərin tikintisi üçün böyük həcmdə vəsait ayrılması, müxtəlif qəsəbə və kəndləri birləşdirən yollarda yenidənqurma işlərinin aparılma­sı bunun bariz ifadəsidir. Qısaca, Azərbaycanda inves­tisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılasdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərini təşkil edir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdı­rılması istiqamətində səfərbər edir.

Bəli, son 19 ildə respublikamızın əldə etdiyi uğurlu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımızda böyüməyə nail olunub. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması istiqamətində məqsədyönlü siyasət aparılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib. Beləliklə, əminliklə demək olar ki, ölkəmizdə iqtisadi inkişaf konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. 

Məhz bunun nəticəsidir ki, Azərbaycan əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da dinamik inkişaf yolu keçərək bütün sahələrdə ciddi nailiyyətlər əldə edib.  Qeyd edək ki, Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin müstəqil ekspertləri tərəfindən hazırlanan «Dayanıqlı İnkişaf 2022» hesabatı hər bir ölkənin 2030-cu ilədək müəyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirmək üçün aparılır. Hesabat Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulmuş 17 ümumbəşəri inkişaf məqsədlərini əhatə etməklə hazırlanır.

2022-ci il üçün hazırlanmış hesabat sənədində ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləyərək mümkün 100 baldan 73,5 toplayıb. Belə ki, hazırda Azərbaycan dünyanın 163 ölkəsi arasında «davamlı inkişaf məqsədləri (DİM) indeksi» üzrə 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə respublikamız Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cu yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur.

Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri