23 dekabr 2022 17:45
728

Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı naminə misilsiz tarixi xidmət nümunəsi ortaya qoyub

Gənc yaşlarından dünyanın ən böyük siyasətçilərindən olan dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən dərs alan, 1977-ci ildə təkcə SSRİ-də deyil, dünyanın ən nüfuzlu ali məktəblərindən olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan Azərbaycan Prezidenti İlham Əliyev 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.

Cənab İlham Əliyev gənc yaşlarında fəaliyyət göstərdiyi istər dövlət, istərsə də özəl strukturlarda öz biliyi və yüksək liderlik bacarığı ilə böyük uğurlara imza atmışdır. 1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəl vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti işlədiyi dövrdə ARDNŞ cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dünyanın ən nəhəng şirkətlərindən birinə çevrildi. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilən cənab İlham Əliyev ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox qanun layihələrinin hazırlanmasında fəal iştirak edib.

Azərbaycanda idman sahəsinin tənəzzülə uğradığı vaxt cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra idmançılarımıza böyük dövlət qayğısı göstərilməyə başladı. İdmançılarımız bu dövlət qayğısından ruhlanaraq beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəkliklərə qaldırdılar və himnimizi səsləndirdilər. Bu gün Azərbaycan dövləti dünyada həm də idman ölkəsi kimi tanınır. Milli Məclisin deputatı olaraq cənab İlham Əliyev 2001-2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Avropanın siyasi arenasında cənab İlham Əliyev hər zaman Azərbaycan dövlətinin maraqlarına uyğun fəaliyyət göstərib, eləcə də AŞPA-nın işində göstərdiyi səmərəli xidmətlərə görə 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 76%-dən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. 2008, 2013, 2018-ci illərdə Prezident seçkilərində seçicilərin 85%-dən çoxu cənab İlham Əliyevin lehinə səs verərək onu ölkə Prezidenti seçdi. Bu, Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinə, eləcə də cənab İlham Əliyevə olan böyük inamının göstəricisidir. Prezident cənab İlham Əliyev dünyanın bir çox ölkələrinin ən ali orden və medalları ilə təltif olunub. Bu, cənab İlham Əliyevin dünyada güclü və nüfuzlu bir siyasətçi olmasını sübut edir. Dövlətimizin başçısı dünyanın bir sıra nüfuzlu universitetlərinin fəxri doktoru və fəxri professoru adına layiq görülüb.

Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciət edərək Prezident seçkilərində onun layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırış etmişdir. Ulu öndər Heydər Əliyev İlham Əliyevə özü qədər inandığını, onun yüksək intelektə, praqmatik düşüncəyə malik, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən bir şəxs olduğunu vurğulamışdır.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın siyasi sisteminə mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsini gətirdi, milli mədəniyyət və milli mənəviyyatımıza uyğun siyasi etika təqdim etdi. Cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan dövlətinin güclənməsinə, Azərbaycan xalqının milli maraqlarına, milli dəyərlərin qorunmasına xidmət edir. Dövlətimizin başçısı tərəfindən Azərbaycanda yaradılmış tolerantlıq və multikulturalizm dəyərləri bütün dünyaya örnəkdir. Cənab İlham Əliyev islamofob və antiazərbaycan qüvvələrinin ölkəmizdə həyata keçirmək istədikləri məkrli planlarının qarşısını aldı. Prezident İlham Əliyev gənclərin ölkəmizin sosial-iqtisadi, siyasi həyatında mühüm rol oynamalarına böyük diqqət ayırır. Bu gün ölkəmizdə yüksək intelektual səviyyəli, vətənpərvər, milli düşüncəyə malik gənclər yetişir. Dövlət başçısı bu cür gənclərə böyük etimad göstərir və onları bütün sahələrdə məsul vəzifələrə təyin edir. Dövlətin göstərdiyi bu qayğı nəticəsində gənclərimizin özünə inamı daha da artır.

2005-ci il 26 mart tarixində YAP-ın III qurultayında Prezident İlham Əliyev partiyanın sədri seçildi. YAP-ın daha effektiv idarə edilməsi və cəmiyyətdə nüfuzunun artırılması üçün cənab İlham Əliyevin təşəbbüsü ilə köklü islahatlara başlanmışdır. 2021-ci il martın 5-də YAP-ın VII qurultayında yeni Nizamnamə təsdiq edilmiş, partiya sədrinin birinci müavini vəzifəsi təsis edilmişdir. Partiyanın yeni proqramı qəbul edilmiş və kadr islahatları həyata keçirilmişdir. Hazırda YAP-ın 773.770 nəfər üzvü vardır. Cənab İlham Əliyevin sədrlik etdiyi YAP bu gün regionun ən güclü və böyük siyasi partiyası olmaqla, dünyanın bir sıra hakim partiyaları ilə sıx əməkdaşlıq edir.

Prezident İlham Əliyev hər zaman sadə insanlarla bir yerdə olur və onlarla çox səmimi söhbətlər edir. Cənab İlham Əliyev həyatındakı əlamətdar günlərdə, ad günlərində məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşür, sosial obyektlərin, yeni istehsal müəssisələrinin açılış mərasimlərində iştirak edir. Dövlət başçımızın bu təşəbbüsləri hər bir azərbaycanlının ona qarşı olan rəğbətini, məhəbbətini artırır. Bu gün Azərbaycan xalqı öz liderini, dövlət başçısını sevir, ona inanır və yeritdiyi siyasəti dəstəkləyir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında böyük inkişafa nail olunmuşdur. Dünyada baş verən iqtisadi böhranlara, koronavirusun törətdiyi çətinliklərə baxmayaraq cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatlar nəticəsində insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Dövlət başçısı İlham Əliyev ölkəmizdə siyasi həmrəyliyin bərqərar olmasını təmin etmiş, xalq-iqtidar birliyini yaratmışdır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara qarşı, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji müttəfiqlik haqqında Bəyannamənin imzalanmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədilər. Eləcə də ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-i Vətən müharibəsində  cənab İlham Əliyevi dəstəklədiklərini bildirdilər və birgə bəyanat imzaladılar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, müdrik siyasəti ilə torpaqlarımız erməni işğalından azad edildi. Cənab İlham Əliyev Azərbaycan xalqını qalib, qürurlu bir xalq kimi bütün dünyaya tanıtdı.

Prezident İlham Əliyevin rəhbərliyi qismində Azərbaycan dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Məhz cənab İlham Əliyevin sayəsində Qoşulmama Hərəkatı dünyada böyük nüfuz qazanmış, beynəlxalq siyasətə təsir edə biləcək bir təşkilata çevrilmişdir. Koronovirusun dünyada tüğyan etdiyi bir vaxtda cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın 80-dən çox ölkəyə maliyyə və humanitar yardım etməsi bütün dünyaya bir nümunə oldu.

Bəzi qüvvələrin təzyiqlərinə baxmayaraq cənab İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yol xətti, TAP, TANAP qaz kəmərlərinin tikilib istifadəyə  verilməsi ilə böyük layihələrə imza atdı. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə  artıq Azərbaycan qazı Avropaya nəql olunur. Azərbaycanın Avropanın qaz təhlükəsizliyində oynadığı rol ölkəmizin siyasi nüfuzunun artmasına böyük töhfə verir.

Cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sənayesi sürətlə inkişaf edir. Dövlət büdcəsində qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Cənab İlham Əliyev tərəfindən hazırlanan Dövlət Proqramlarının icrası nəticəsində Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı naminə misilsiz tarixi xidmət nümunəsi ortaya qoyub.

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor