Azərbaycana 44 günlük müharibədə biabırçı şəkildə uduzan, postmünaqişə dövrünün tənzimlənmə mərhələlərində istər sərhəd zonasında, istərsə də diplomatik arenalarda ardıcıl və sistemli məğlubiyyətlərə uğrayan Ermənistan olanlardan dərs çıxarmır. Bunun əvəzinə Azərbaycan və Türkiyənin yaratdığı qorxu səbəbi ilə mürgüləyən ərazi iddiaları sevdasını oyatmaq üçün nəzəri ideyaları əməli müstəviyə daşımağa çalışır. Düzdür, canlarına qorxu elə alıb ki, bu, onların yaddaşlarında həmişəlik qalacaq, lakin yenə də nələrəsə ümid edib Qarabağ müharibəsinin nəticələrini dəyişməyə çalışırlar.
Ermənistanın hakimiyyətində böyük əksəriyyət var ki, onlar Azərbaycanın qarşısına keçməyin ağılsızlıq olduğunu yaxşı dərk edirlər. Lakin buna baxmayaraq revanşist düşüncələrindən əl çəkmək istəmirlər. Ona görə də Ermənistan xarici təşkilatlardan qopardığı ianələr hesabına 2023-cü il üçün dövlət büdcəsində hərbi xərcləri artırmağı planlaşdırır. Ermənistanın Azərbaycanla sülh danışıqlarından qaçması, revanşist hissləri qidalandıran Fransaya arxalanması, Hindistandan yeni partiya silahlar alması, İranın zərbə dronlarına maraq göstərməsi fonunda müdafiə xərclərinin həcmini genişlətməsi onun gələcək planlarının məzmununu açır.
Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan, İran və Hindistan əməkdaşlığı gücləndiriblər. Hindistan və İran Ermənistan ərazisindən keçməklə İranı Avropa ilə birləşdirəcək "Fars körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizinin (İTC) açılmasını istəyirlər. Hindistan yüklərin daşınması üçün Ermənistanı da İranın Çabahar dəniz limanından istifadəyə cəlb etmək təklifini irəli sürür. Bundan əlavə, Hindistan Ermənistanla fəal hərbi əməkdaşlıq kursu götürüb. Belə ki, sentyabrın əvvəlində Hindistan və Ermənistan hökumətləri arasında hərbi müqavilələr imzalanıb. Razılaşmanın bir hissəsi olaraq Hindistan təcavüzkar dövlətə 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar tədarük edəcək. Bu yaxınlarda hind mediası Hindistanın özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişi aldığını xəbər verib.
Lakin Ermənistana hədiyyə silah adı altında “qara bazar”da qeydiyyatı olmayan silahların verilməsi və oradakı qaçaqmalçılar tərəfindən onun başqa dövlətlərə satılmasına dair məlumatlar da mövcuddur. Təsadüfi deyil ki, keçmiş müdafiə naziri David Tonoyan 2021-ci il sentyabrın 30-da silah-sursat alarkən sui-istifadə hallarına yol verməkdə ittiham olunaraq həbs edilib. Bu iş üzrə Ermənistanın silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin Aviasiya İdarəsinin keçmiş rəisi Avetik Muradyan, silah təchizatı şirkəti David Qalstyanın (“Patron Davo”) da adı hallanırdı. Başlanan cinayət işləri ölkədə silah qaçaqmalçılığı və ya beynəlxalq silah mafiyası ilə əlaqələrin olduğunu təsdiqləyir. Məsələn, 2005-ci ildə Artur Solomonyan və bir qrup şəxs İrəvandan Rusiya istehsalı olan qumbaraatanlar, “Stinger” raketləri, “AK-47” avtomatları və minaları ABŞ-a qaçaq yolla gətirdiklərinə görə Birləşmiş Ştatların hüquq-mühafizə orqanları həbs edilmişdilər.
Nikol Paşinyanın yaxın ətrafından sayılan Ermənistanın “Şuşa xüsusi taqımının” “keçmiş komandiri” olmuş Jirayr Sefilyanın və Samvel Babayanın beynəlxalq silah qaçaqmalçılığında adlarının hallanması da bunu təsdiqləyir. Samvel Babayan İrana və başqa ölkələrə silah tədarükündə aparıcı rollardan birini oynayıb. Belə çıxır ki, Ermənistan hərbçiləri ölkənin silahlı qüvvələrinə hədiyyə edilən silahları qaçaq yolu ilə xaricə çıxarıblar. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm də bu qanunsuz silah alveri şəbəkəsini də sıradan çıxarıb.
Maliyyə naziri Tiqran Xaçaturyan hökumətin iclasında 2023-cü ilin dövlət büdcəsi layihəsini təqdim edərkən bildirib ki, həmin ilin dövlət büdcəsində infrastruktur, o cümlədən müdafiə sahəsinin xərcləri 56 faiz artaraq 1 milyard 326 milyon dollar olacaq. Bu rəqəm inandırıcı görünmür. Belə ehtimal etmək olar ki, Ermənistan bununla hədiyyə ediləcək silahların alınması üçün guya maliyyə vəsaiti ayırdığını göstərmək istəyir. Yaxud ölkə ərazisinə daxil olacaq qanunsuz silahların “yuyulması”na şərait yaradır.
Ermənistana silahlanma istiqamətində dəstək və yardım edənlər ilk növbədə erməni xalqına pislik edirlər. Çünki o silahı verənlər onları müharibəyə də sürükləyəcək. Müharibə isə ermənilər üçün yeni faciə, itkilər və mühacirət deməkdir. Sadaladığımız faktlar və cinayət işləri Ermənistanda silahlanmaya beynəlxalq nəzarəti artırmağın vacibliyini şərtləndirir.
Sevinc Azadi, “İki sahil”