"Xalqımız dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə ümümmilli lider Heydər Əliyevə əbədi olaraq minnətdardır. Zəmanəmizin dühasından «Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-qiymətini alan dövlət başçımız, Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Dövlət başçımızın Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızla hesablaşırlar."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, 2003-cü ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq Prezident səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev ötən dövrdə verdiyi bütün vədləri yerinə yetirmişdir. Cənab İlham Əliyevin Ümummilli Liderimizin inam və etimadını doğrultmasının zirvə nöqtəsi 8 Noyabr – Zəfər Günüdür. Həmin gün Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi Şuşa şəhəri azad edildi. Cənab Prezident bu xəbəri xalqımıza elan edərkən bildirdi ki, Heydər Əliyevin məzarını ziyarət edib və ata vəsiyyətini yerinə yetirib. Qələbəmizin memarı, Ali Baş Komandan İlham Əliyev ölkəmizin bu günü və gələcəyi ilə bağlı fikirlərini belə ifadə etmişdir: "Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanır. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa etdik.». Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub.
Hazırda işğaldan azad olunmuş ərazilərdə bir çox dağıdılmış məscidlər, dini-tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təmir olunur, öz əvvəlki görkəmlərinə qaytarılır. Bu, Prezident İlham Əliyevin həm də milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri «idarə olunan xaos» planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. Dövlət başçımız islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri «lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə» siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.
K.Bayramov vurğulayıb ki, Azərbaycanın dayanaqlı inkişafı Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatların sayəsində mümkün olub. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda ümumxalq birliyinin daha da güclənməsinə səbəb olub. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də, bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Son üç il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Burada «Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar», «Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair», «Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı», «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması ilə əlaqədar bəyanatlar, həmçinin «Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair» və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən, 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir.
Deputat diqqətə çatdırıb ki, son 19 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı «Eurovision» mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, «Formula 1» yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib. Dövlət başçımızın yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik və təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. Şərq-Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir.
K.Bayramov vurğulayıb ki, hazırda işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. Bu gün ölkəmiz dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilib. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir. Ölkə iqtisadiyyatını xarakterizə edən əsas amil dayanıqlıqdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlət potensiallarının səfərbər olunmasına xidmət edib. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir.