23 dekabr 2022 13:27
596

Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir

Azərbaycan əldə olunan möhtəşəm Qələbədən sonra regionda yeni geosiyasi reallıqlar yaratmağı bacarmış qüdrətli dövlətdir.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində Şanlı Zəfərlə azad edilmiş və düşmən tapdağından təmizlənən doğma torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ölkəmizdə 2022-ci ilin əsas uğurlarından biri də işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsidir. Bu ilin iqtisadi mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərin miqyası olduqca genişdir.  Artıq bir neçə şəhərin baş planı təsdiq olunub, yeni yaşayış məhəllələrinin, inzibati binaların təməli qoyulub. Ən başlıcası isə Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün ilk növbədə geniş yollar çəkilir. Bu gün qürur hissi ilə deyə bilərik ki, indi Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir. Artıq ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat yolları, sənaye parkları, digər infrastrukturlar inşa edilib və bu proses bu gün də uğurla davam etməkdədir. Keçmiş məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər və bu gün çox da uzaqda deyil.

Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf  Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.  İşğaldan azad edilən ərazilərlə bağlı Dövlət Proqramının qəbul edilməsi, həmçinin icra olunan böyük layihələr vətəndaşlarımızın tez bir zamanda öz doğma yurduna qayıtması istiqamətində atılmış mühüm addımlardır. Təsadüfi deyil ki, Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir .

Bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas, ən vacib prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpa edilməsi və 30 il ərzində ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın öz doğma yurd yuvalarına qayıtmasıdır.İşğaldan azad edilmiş ərazilər bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan və sürətlə davam etdirilir. Müzəffər ordumuzun Şuşa şəhərini düşməndən azad edərkən istifadə etdiyi yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan bu avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında idi. Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində - 2021-ci il noyabrın 7-də yolun açılışı oldu. Bu yolun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin davamı idi.

Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş digər mühüm vəzifələrdən biri məhz doğma ərazilərimizdəki yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi,dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması,yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi, bir sözlə vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdən ibarətdir.

Böyük Qayıdışa dair Dövlət Proqramının əsas və vacib  istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.  İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq mühüm addımlar atılmaqdadır. Artıq çox qısa müddət ərzində burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb. Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Xüsusilə gələn illərdən başlayaraq beynəlxalq nəqliyyat sisteminə qoşulmaqla avtomobil nəqliyyatının fəaliyyət dairəsi xeyli genişləncəkdir. Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Artıq başqa nəqliyyat sahələrində olduğu kimi, avtomobil nəqliyyatı vasitəsilə də Azərbaycan  Avropa, Mərkəzi Asiya və Rusiya ilə Yaxın Şərq ölkələri arasında dəhliz rolunu oynayacaqdır.Eyni zamanda dövlətimiz Qarabağda və Şərqi Zəngəzurda hava limanları açmaqla, magsitral avtomobil və dəmir yolları çəkməklə buranı beynəlxalq nəqliyyat-loqistka mərkəzinə çevirməyi planlaşdırır.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan Yeni Azərbaycan Partiyasının bənzərsiz və məqsədyönlü siyasəti günbəgün uğurlu nəticələr əldə etməklə bizə onu deməyə əsas verir ki, bizim dövlətimiz qüdrətlidir,heç bir kənar qüvvə bizim daxili işlərimizə müdaxilə edə bilməz, tarixi Qələbəmiz əbədidir  və vətəndaşlarımız yaxın gələcəkdə ata-baba yurdumuz olan Qarabağ və Şərqi Zəngəzura qayıdıb, təhlükəsizlik şəraitdə, firavan və xoşbəxt yaşayacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri