Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə səslənən xoş sözlər bu həqiqətin real ifadəsidir
Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı mərasimində Avropanın xəritəsini dəyişən Azərbaycanın enerji diplomatiyasını yüksək qiymətləndirən Serbiya Prezidenti Aleksandar Vuçiçin azərbaycanlı həmkarı haqqında söylədiyi «Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı» sözləri əsl dostun ürəkdən gələn səmimiyyətinin ifadəsi idi.
Ötən ay Serbiyaya səfəri zamanı dövlət başçımız İlham Əliyevin dost ölkədə yüksək səviyyədə qarşılanması, imzalanan sənədlərin hər iki dövlətin milli maraqlarını əks etdirməsi, Azərbaycan haqqında deyilən xoş sözlər münasibətlərin strateji əməkdaşlıq prinsipləri əsasında davamının təsdiqi idi. Serbiya ilə Azərbaycanın beynəlxalq arenalarda eyni mövqedən çıxış etmələri əlaqələri sağlam təməl üzərində təkmilləşdirir. Həmin səfər zamanı mətbuata bəyanatında dost münasibətlərindən söz açan Prezident İlham Əliyev iki ölkə arasında energetika sahəsindəki perspektivləri müasir dövrümüzün aktual məsələsi kimi diqqətə çatdırmışdı.
«Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm» sözləri ilə serbiyalı həmkarı ilə Azərbaycanda görüşmək niyyətini bildirən Prezident İlham Əliyevin dəvəti artıq reallaşıb.
Serbiyanın Prezidenti Aleksandar Vuçiçin bu günlərdə ölkəmizə işgüzar səfəri hər iki dövlətin əməkdaşlıq prinsiplərinə sadiqlik nümunəsidir. Görüş çərçivəsində mətbuata bəyanatlarında müstəqil siyasət aparan hər iki ölkə arasında möhkəmlənən münasibətlər yüksək dəyərləndirilib, perspektivlərlə bağlı açıqlamalar verilib.
Qeyd olunub ki,Serbiya ilə Azərbaycanın strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək mühüm sənədlərin imzalanması, münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi əlaqələri daha da gücləndirəcək. «Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır» söyləməklə energetika sahəsində həlli vacib məsələlərdən söz açan Prezident İlham Əliyev müxtəlif istiqamətlər üzrə ixrac edilən Azərbaycanın təbii resurslarının Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə nəqli ilə bağlı görüləcək işləri də diqqətə çatdırılıb. Vurğulanıb ki, təbii qaz, elektrik enerjisi ilə əlaqədar iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. 2023-cü ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Bir neçə gün bundan əvvəl baş tutan Buxarest səfərini xatırladan Prezident İlham Əliyev Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in Avropa ölkələrinin enerji ilə təchizatında mühüm addım olduğunu «Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik» sözləri ilə diqqətə çatdırıb.
Serbiya Prezidenti Aleksandar Vuçiçin bəyanatında səslənən ölkəmizlə bağlı xoş sözlər ölkə iqtisadiyyatının inkişafının göstəricisi, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi kimi qürurverici idi. «Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir…Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq.»
Müzakirə olunan əməkdaşlıq formatlarının əhəmiyyətindən bəhs edən serbiyalı Prezidentin «Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək» sözlərində isə Azərbaycanın müstəqilliyinə hörmət və ehtiram, dostluq prinsiplərinə sadiqlik duyğuları ifadə olunub.
Dünyada yaranan enerji böhranından çıxış yollarını müəyyənləşdirən Avropa dövlətləri kimi, Serbiyada görülən işlərdən danışan Aleksandar Vuçiç bildirib ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisindən bəhrələnməkdə maraqlıyıq. Artıq Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa olunacaq interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları müzakirə edilir.
Görüşdə maraq doğuran amillərdən biri də müdafiə sənayesinin inkişafı üçün zəngin potensiala malik hər iki ölkə mütəxəssislərinin birgə fəaliyyəti ilə bağlı praktiki addımların müzakirəsi olub. Əməkdaşlığın vacib amillərindən olan müdafiə sənayesində texnologiya mübadiləsi, üçüncü ölkələrin bazarlarına birlikdə çıxarılacaq bəzi məhsullar üzərində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub. Bunun üçün serbiyalı və azərbaycanlı mütəxəssislərin birgə fəaliyyəti üçün əlverişli imkanların səmərəli olacağı vurğulanıb.
«Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq.» Serbiya Prezidentinin bu sözlərində gücün, iqtisadi qüdrətin söz sahibi olduğu indiki məqamda ölkələrin təhlükəsizliyinin qorunması üçün qarşılıqlı, sağlam prinsiplərə əsaslanan dostluğun, əməkdaşlıq prinsiplərinə sadiqliyin əhəmiyyəti əksini tapır. Hər iki ölkənin səyi ilə münasibətlərin mühüm aspektlər üzərində davamlı olacağına əminliyini ifadə edən Serbiya Prezidentinin ölkəmizə işgüzar səfəri güclərin birləşdirilməsi naminə intensivləşən səylərin yaxın illərdə bəhrə verəcəyinə əminlik yaradır.
Xuraman İsmayılqızı, «İki sahil»