Bu işləri yerinə yetirmək üçün Azərbaycan dövlətinin iqtisadi gücü, siyasi iradəsi var
Ermənilər işğal dövründə bütün şəhər və kəndlərimizi viran qoymuşdular, daş üstə daş qalmamışdır. Bununla bərabər ermənilər bu ərazidə minaları toxum kimi basdırmışdılar. İşğaldan azad edilmiş torpaqlarımızın sahəsi 10 min kvadrat kilometrdən çoxdur. Bu, bəzi ölkələrin ərazisindən böyükdür. Bütün bunlara baxmayaraq minalardan təmizlənmiş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə start verildi. Ərazilərin bərpası və yenidən qurulması üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat vəsait ayrılmış, sonrakı illərdə bu vəsait daha da artırılmışdır.
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioriretlər” təsdiq edilib. Bu prioritetlərə əsaslanan Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda əks olunmuş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönmələri üçün ilk növbədə ərazilərdə infrastruktur, sosial-məişət obyektləri, evlərin, binaların inşa edilməsi, əhalinin məşğulluq məsələlərini həll etmək üçün yeni istehsal müəssisələri yaradılacaq. Bütün bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq ərazinin böyük hissəsi elektrik enerjisi ilə təmin edilir. Bütün şəhər, qəsəbə və kəndləri birləşdirən müasir yollar çəkilir. Şəhərlərin təsdiq edilmiş Baş planına uyğun olaraq məktəblər, xəstəxanalar, yaşayış evlərinin inşasına başlanılıb. Bu işlərin icrasına Prezident İlham Əliyev şəxsən özü rəhbərlik və nəzarət edir. Dövlət başçısı inşa edilmiş bütün infrastruktur və sosial-məişət obyektlərinin, yaşayış binalarının təməl qoyma və açılış mərasimlərində iştirak edir. İşğaldan azad edilmiş ərazilərimizin potensialı və coğrafi şəraiti nəzərə alınıb. Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa mədəniyyət və turizm sahəsi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli, Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə istehsal imkanları üçün qiymətləndirilib.
Cəmi 8 aya Füzuli Beynəlxalq Hava Limanı, bir il sonra isə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətli bir dövlət olduğunun növbəti sübutudur. Bütün quruculuq işlərini Azərbaycan dövləti heç bir maliyyə yardımı almadan, kredit götürmədən həyata keçirir. Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesi artıq reallaşıb. İlk olaraq Ağalı kəndinin sakinləri öz yurd yerlərinə dönüblər. Dövlət Proqramının icra olunduğu dövr ərzində hər il aralıq nəticələr illik əsasda olmaqla 2023, 2024, 2025-ci illər, yekun nəticələr isə 2026-cı ili əhatə edəcək. Bütün məcburi köçkünlər mərhələli şəkildə şəhər və kəndlərimiz abadlaşdıqca öz evlərinə dönəcəklər.
Bütün bu işləri yerinə yetirmək üçün Azərbaycan dövlətinin iqtisadi gücü, siyasi iradəsi var. Ən əsası Azərbaycan xalqının öz xalqını sevən cənab İlham Əliyev kimi güclü, qətiyyətli Lideri, dövlət başçısı var.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor