Doğma Yurdumuz - Azərbaycan Respublikasının ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə düşmən tapdağı altında saxlanılmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar, qocalar daxil olmaqla 24 min həmvətənlilərimiz həlak olmuş, 4 min dinc əhali əsir düşmüş,1 milyondan çox soydaşlarımız öz ata-baba yurdlarından qovulmuşdur. İşğal olunan torpaqlardakı şəhərlər,kəndlər, yaşayış obyektləri, tarixi abidələr, mədəni və dini abidələr, məscidlər erməni vandalizminə məruz qalaraq dağıdılmışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” planını həyata keçirməyə başladı. 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu 30 il davam edən ədalətsizliyə son qoymuş,tarixi torpaqları işğaldan azad etmişdir. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Respublikasının qarşısında yeni öhdəliklər, vəzifələr dururdu. Qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün bir sıra mühüm addımlar atıldı. İlk öncə azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesi başladı, eyni zamanda nəqliyyat xətləri bərpa edildi və genişmiqyaslı bərpa quruculuq işləri aparıldı.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərə qayıdış Zəngilan rayonun Ağalı kəndindən başlandı. “Ağıllı kənd” layihəsi tətbiq edilmiş Ağalı kəndində 2022-ci il mayın 27-də açılış mərasimi oldu, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Ağalı kəndinə ilk mərhələdə 41 ailə köçürülüb.
Dövlətimiz həmyerlilərimizin ata-baba yurdlarına qayıtması üçün əzmlə çalışır və qısa müddət ərzində qarşısına qoyduğu məqsədlərə çatacaqdır.
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının üzvü,
Bakı şəhəri, İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin tarix müəllimi