44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində möhtəşəm bir mərhələnin başlanğıcı deməkdir. Bu nailiyyət işğaldan azad edilmiş ərazilərə yeni nəfəs gətirəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var.
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri başlamışdır. Artıq bu bölgələrə “Böyük Qayıdış”ın vaxtı gəlib.
Böyük Qayıdışa dair Dövlət Proqramında əhalinin doğma yurd yerlərinə geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Bu mühüm tarixi proqramın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Dövlət Proqramında keçmiş məcburi köçkünlərin yüksək səviyyədə məskunlaşmasının təmin olunması qarşıya mühüm vəzifə kimi qoyulub. Bunun üçün düşməndən təmizlənən ərazilərdə planlaşdırılan layihələrin icrası zəruri ilkin şərt olaraq qəbul edilib. Bu zaman yaşayış sahələrinin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə təminatına xüsusi əhəmiyyət verilib.
Ümumiyyətlə, proqramda Qarabağ və Şərqi Zəngəzurun kommunal xidmətlər şəbəkəsinin, xüsusilə tullantıların səmərəli idarə edilməsi sisteminin qurulması, sosial xidmət infrastrukturunun bərpa olunması mühüm vəzifələr kimi qarşıya qoyulub.
Bütün bu məqsədlərə nail olunduqdan sonra ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. Daha sonra isə iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması gerçəkləşdiriləcək.
Müasir şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin inşa ediləcəyi, innovativ həllərə əsaslanan infrastruktura malik “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının həyata keçiriləcəyi nəzərdə tutulub. Bu əsasda bütün bölgənin beynəlxalq standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcəyi planlaşdırılıb.
“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bu, həmçinin qabaqcıl təcrübənin tətbiqi deməkdir. Dünyada bu layihələrə daxil olan komponentlərə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, həmçinin ağıllı idarəçilik sistemi aiddir. Ağıllı idarəçilik sistemində əsas məqsəd vətəndaşın vaxtına qənaət, həmçinin hansısa süni əngəllərin meydana çıxmasının qarşısının alınması və əlçatanlığın tam təmin olunmasıdır.
Böyük Qayıdış yolunda əmin addımlar atılır. Sülhün və təhlükəsizliyin qarantı olan Azərbaycan işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq.
Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı